“Bakı sübhdən günbatanadək”

Polşanın Krakov şəhərində 22-ci Beynəlxalq "Etiuda&Anima" kinofestivalı başlayıb. SİA-nın verdiyi xəbərə görə, noyabrın 28-dək davam edəcək keçirilən festivalda "Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filmi də iştirak edir. Film festival çərçivəsində bu gün nümayiş olunacaq.

Polşa və Azərbaycan kinematoqrafçıların birgə istehsalı olan "Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filmi 2014-cü ildə "Dünya sübhdən günbatanadək" layihəsi çərçivəsində çəkilib. "Dünya sübhdən günbatanadək" Miroslav Dembinski və Maçyej Driqas tərəfindən yaradılmış orijinal layihədir. Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanır və bir neçə həftəlik kurs müddətində ərsəyə gəlib. Layihə çərçivəsində 14 gənc rejissor Bakı həyatından 18 hissə lentə alıb. Film Bakı şəhərinin ruhunu özündə əks etdirir.

Filmin Azərbaycan tərəfdaşı "Azanfilm" studiyasıdır.

Qeyd edək ki, layihənin müəllifləri Miroslav Dembinski və Maçyej Driqas festivalda "Special Golden Dinosaur" xüsusi mükafata layiq görülüblər. Mükafatlandırma mərasimi bu gün baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə