Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olundu

Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr edilmiş "Söz nəbzidir, aynasıdır zəmanənin" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli şairin yaradıcılığından söhbət açıb: "B. Vahabzadənin yaradıcılıq palitrası çox zəngin və rəngarəngdir. Onun yalnız lirikası deyil, eləcə də xalqımızın tarixindən, mübarizəsindən bəhs edən dramaturji əsərləri də məşhurdur. O, təkcə öz ölkəsində deyil, həmçinin respublikamızdan kənarda da şair-dramaturq, istedadlı alim və publisist kimi tanınır. Onu da qeyd edim ki, bu vaxtadək Bəxtiyar Vahabzadənin "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Fəryad", "Özümüzü kəsən qılınc", "Dar ağacı", "Rəqabət" kimi pyesləri bir-birinin ardınca Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub".

Qeyd edək ki, tədbirin sonunda Milli Konservatoriyanın və konservatoriyanın nəzdindəki Musiqi Kollecinin tələbələrinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə