İSESKO XII Baş konfransı və İcraiyyə Şurasına ev sahibliyi edəcək

İSESKO XII Baş konfransı və İcraiyyə Şurasına ev sahibliyi edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 25 iyul 2015-ci il tarixli 1337 nömrəli Sərəncama əsasən Azərbaycan 23-27 noyabr 2015-ci il tarixlərində İSESKO XII Baş konfransı və İcraiyyə Şurasına ev sahibliyi edəcək. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 23 sentyabr 2015-ci il tarixli 79 nömrəli Sərəncamı ilə tədbirin keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Konfransda müzakirə olunan məsələlər müsəlman xalqlarının həyatında inkişafa doğru yeni pəncərə açacaq və qəbul ediləcək qərarlar islam ölkələri arasında əməkdaşlığın daha da dərinləşməsinə öz töhfələrini verəcək.

İSESKO-nun İcraiyyə Şurası Asiya, Afrika və Ərəb regionlarını əhatə edən 52 üzv dövlətin nümayəndəsindən ibarət olmaqla ildə bir dəfə öz toplantısını keçirir. Toplantıda Baş direktorun təşkilatın proqramı və fəaliyyəti ilə bağlı inkişaf üzrə tərəqqi hesabatı, maliyyə hesabatı nəzərdən keçirilir, İSESKO büdcəsinə üzv dövlətlərin maliyyə töhfələri qiymətləndirilir

Təşkilatın ali qərarverici orqanı olan Baş Konfrans hər üç ildən bir keçirilir. İSESKO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən Baş konfrans zamanı təşkilatın fəaliyyət sferalarına aid olan məsələlərlə bağlı koordinasiya və qiymətləndirmə həyata keçirilir, təşkilatın növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi təsdiqlənir.

Tədbirdə beynəlxalq təşkilat və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və təhsil nazirləri, diplomatlar, dünyanın tanınmış simaları və media nümayəndələrinin iştirakı gözlənilir.

Tədbirə ev sahibliyi edən ölkə nümayəndəsinin XII Baş Konfransın Prezidenti seçilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası 1991-ci ildən İSESKO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Respublikamızın Birinci xanımı Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur və hazırda ən məhsuldar dövrünü yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə