Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva "Türkmənhalı" Dövlət Birliyinin sədri, dövlət naziri Oqulhacat İşanqulıyeva ilə görüşüb. Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasında mədəni əlaqələrin inkişafından, xalqlarımızın dərin qədim tarixi köklərlə, mənəvi tellərlə bir-birinə bağlılığından geniş söhbət açılıb. Azərbaycan və türkmən xalqlarının qədim xalçaçılıq ənənələrinin olduğu və xalça sənətinin mədəniyyətimizdə əhəmiyyətli yer tutduğu vurğulanıb.
Sevda Məmmədəliyeva 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salındığı barədə qonağı məlumatlandırıb.
Nazir müavini tərəfindən ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulı Berdiməhəmmədovun rolu xüsusi vurğulanıb.
Dövlət naziri Oqulhacat İşanqulıyeva Türkmənistan Prezidenti Qurbanqulı Berdiməhəmmədovun müəllifi olduğu, türkmən xalçasına həsr edilmiş "Canlı rəvayət" kitabının Azərbaycan dilində nəşrindən, həmçinin nəşrin Bakıda Xalça Muzeyində keçiriləcək təqdimatından söz açıb. Bu tədbirin təşkilinə göstərilən dəstəyə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.
Görüşdə xalqlarımızın mədəniyyəti, ənənələri və bunlardan irəli gələrək mədəni özünəməxsusluğun qorunub saxlanılması, habelə gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd edilib.
Görüşdə iştirak edən Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB