Amerikalı ifaçı konsert verdi

Amerikanın görkəmli caz ifaçısı Qabriel Stravelli Milli İncəsənət Muzeyində geniş konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, konsertdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə yanaşı, bir sıra xarici diplomatik korpusun nümayəndələri də iştirak edib. Konsert öncəsi qeyd olunub ki, dünya şöhrətli caz ifaçısı Qabriel Stravelli və onun qrupu müxtəlif açıq konsertlər verəcək və yerli musiqiçilər üçün ustad dərsləri keçəcəklər.

Bildirilib ki, Qabriel Stravellinin Azərbaycanda keçirilən bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır. Eyni zamanda YARAT Müasir İncəsənət Məkanında Amerika Caz Musiqisinin tarixi mövzusunda təqdimat və konsert olacaq.

Qeyd edək ki, Q. Stravelli və onun qrupu ABŞ-ın Dövlət Departamentinin Amerika Musiqisinin xaricdə təbliği proqramı çərçivəsində Azərbaycana ilk dəfə səfər edir.

Bütün xəbərlər Facebook səhifəmizdə