85-ci teatr mövsümünü yaşayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında balaca tamaşaçıları sevindirən maraqlı layihələr davam etməkdədir. SİA-nın məlumatına görə, azyaşlıların mənəvi-estetik zövqünün formalaşması, onların teatra, sənətə məhəbbət ruhunda yetişməsi üçün üzərinə düşən işi uğurla həyata keçirən teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyası da bu missiyaya qoşulub.Mütəmadi olaraq tamaşa və konsert proqramları ilə həmyaşıdları sevindirən studiyanın fəalları bu dəfə də xeyriyyə aksiyası ənənələrinə sadiq qalaraq ardıcıl olaraq iki gün tamaşa-konsert nümayiş etdiriblər.
Belə ki, ilk tədbir Milli Onkologiya Mərkəzinin uşaq klinikasında baş tutub.UNİMA Azərbaycan Milli Mərkəzinin dəstəyi ilə keçirilən bayram tədbirində balaca istedadların ifasında "Yatmış gözəl" adlı tamaşa, ardınca isə istedadlı balacaların ifasında rəngarəng konsert proqramı təqdim olunub.
Dünya ədəbiyyatından məşhur əsər əsasında yazıçı Səidə Haqverdiyevanın səhnələşdirdiyi və Cəmilə Allahverdiyevanın quruluş verdiyi 2 saatlıq tamaşa-konsertdə Azərbaycan və dünya nağıl qəhrəmanlarının vəhdətdə təqdimatı mərkəzdə müalicə alan balacaların alqışları ilə qarşılanıb. Teatrın aktyorları Cavid Telman və Elnur Xəlilovun ifasında şou-proqram balacaların sevincinə səbəb olub.
Proqramda studiyanın fəalları Aylin Nəcəfli, Selcan Xatun, Tunar İsa, Nazim Hacıyev və digərlərinin canlandırdığı məşhur obrazlar, səsləndirdiyi mahnılar, ifa etdikləri rəqslər həmyaşıdlarının sürəkli alqışları ilə müşayiət olunub.
Tədbirə aparıcılıq edən və onun təşkilinə dəstək göstərən aktrisa Ülviyyə Əliyeva mərkəzdə müalicə alan uşaqlar üçün bu kimi proqramları daim etmək istədiklərini və teatrın kollektivinin, eləcə də studiyanın üzvlərinin bu tədbirlərə daim böyük həvəslə qatıldıqlarını deyib.
Poliklinikanın baş həkimi maraqlı və vacib tədbirə görə kollektiv, eləcə də mərkəzdə müalicə alan balacalar adından kollektivə təşəkkürünü bildirib.
Aksiyanın davamı olaraq Dövlət Kukla Teatrında da həmin tamaşa-konsertin nümayişi reallaşıb. Belə ki, 9 noyabr – Azərbaycan Dövlət Bayrağı günü və 12 noyabr – Konstitusiya günü münasibətilə Bakının bir neçə uşaq evi və internat məktəbinin sakinləri tamaşa salonunda istedadlı həmyaşıdlarının məharətini izləyiblər.
Anşlaqla keçən konsert-tamaşada respublikanın tanınmış estrada müğənniləri və instrumental ifaçıları da çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB