Mədəniyyət və Turizm Nazirliyində turizm statistikası üzrə İşçi qrupunun növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, görüş çərçivəsində turizm sahəsində məşğulluq, ölkəmizdə TSA (Turizm Köməkçi Hesabları) sisteminin tətbiqi, Turizmin ÜDM-dəki xüsusi çəkisi, xarici turistlərin xərcləri və bir sıra digər mühüm məsələlər müzakirə edilmiş, sözügedən sahə üzrə ən əsas göstəricilərin əldə edilməsi metodlarının təkmilləşdirilməsinə dair müxtəlif təklif və fikirlər səsləndirilib.
İclasda Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Statistika Komitəsi və Mərkəzi Bankın nümayəndələri də iştirak edib.
Məlumat üçün bildiririk ki, işçi qrupunun 1-ci iclasından sonra turizm statistikasının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülüb, Turizmin ÜDM-də xüsusi çəkisinin hesablanmasının daha dəqiq aparılması məqsədilə, DSK tərəfindən fiziki şəxslərin ilkin statistik məlumatlarının əldə edilməsi təmin edilib, turizm sahəsində çalışan işçilərin sayı Ümumdünya Turizm Təşkilatının (BMÜTT) beynəlxalq tövsiyələrinə (IRTS 2008) əsasən turizm sektoruna 14 xarakteristik sahə üzrə hesablanmış və digər göstəricilər üzrə yeni məlumatlar əldə edilib.
Xatırladırıq ki, Turizm statistikası üzrə işçi qrupu, ölkəmizdə Turizm statistikasının daha dəqiq aparılması, bu sahənin mövcud və potensial problemlərinin aidiyyəti qurumların birgə görüşləri, müzakirə və təklifləri əsasında həll edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Qeyd edək ki, bu tip görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB