Nazir teleradio işçilərini təbrik edib

Nazir teleradio işçilərini təbrik edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın teleradio işçilərini peşə bayramı münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə qeyd olunur ki, 1926-cı il noyabrın 6-da Bakıda ilk radio yayımının başlanması Azərbaycanın ictimai-siyasi, mədəni həyatında əlamətdar hadisə, tarixi yenilik olub: "İlk vaxtlar paytaxt məkanında yaylımlanan radio verilişləri sonrakı mərhələlərdə bütün respublika ərazisini əhatə etməklə bütövlükdə cəmiyyətin, ayrılıqda hər bir birimizin həyatında öz yerini tutub. Bu gün gündəlik yaşam və məişətimizi, ümumilikdə informasiya cəmiyyətini radiosuz təsəvvür etmək mümkün deyil".

Təbrikdə vurğulanır ki, Azərbaycan Radiosu fəaliyyətinin ilk vaxtlarından mədəniyyətimizin təbliğində, geniş dinləyici auditoriyasına çatdırılmasında, cəmiyyətimizin mədəni inkişafında mühüm rol oynayııb: "Radio efirində konsert proqramları, xanəndələrin çıxışları yayımlanır, ədəbiyyatımızda, incəsənətimizdə baş verən mühüm hadisələr öz əksini tapırdı. 1932-ci ildə dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli və Müslim Maqomayev Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrini yaratdılar. Bu orkestr vasitəsilə bir çox bəstəkar və ifaçılarımız radio efirindən böyük yaradıcı həyata qədəm qoydular. Həmin dövrdə Azərbaycan Radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi "Radio teatrı"nın yaradılması incəsənət tariximizdə, teatr sənətimizdə yeni bir mərhələ oldu. Bu gün radionun "qızıl fond"unda görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub saxlanılır".

Təbrikdə daha sonra deyilir: "Ötən müddətdə Azərbaycan radio məkanı böyük inkişaf yolu keçib. 1956-cı ildə Azərbaycan televiziyasının da fəaliyyətə başlaması ölkəmizin informasiya məkanını artıq teleradio müstəvisində daha da genişləndirdi. Bu baxımdan 6 noyabr günü həm də ümumilikdə teleradio işçilərinin peşə bayramı sayıla bilər. Hazırda Azərbaycanda onlarla respublika və regional miqyaslı teleradio kanalları fəaliyyət göstərir. Bu kanalların bir qismi ölkəmizin hüdudlarından uzaqlarda da yayımlanaraq Azərbaycan həqiqətlərini, tarixi-mədəni irsimizi, respublikamızın müasir inkişaf nailiyyətlərini dünyaya çatdırır".

Nazir müraciətin sonunda respublikamızın bütün teleradio işçilərini bir daha peşə bayramları münasibətilə təbrik edərək onlara gələcək işlərində, maraqlı efir və ekran layihələrində uğurlar arzulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə