Oktyabrın 31-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyi qeyd olunacaq. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına uyğun olaraq keçirilən silsilə tədbirlərin biri kimi həmin gün Teatrda bəstəkarın "Natəvan" operasının tamaşası səhnəyə qoyulacaq.
"Natəvan" operası Teatrda ilk dəfə 2003-cü ildə səhnələşdirilmişdir. Libretto müəllifi Nazim İbrahimovdur. Operada görkəmli Azərbaycan şairəsi Xurşid Banu Natəvanın həyat və fəaliyyəti, onun yaradıcılığı fonunda Qarabağda uzun əsrlər boyu hakimiyyət uğrunda gedən mübarizələr, Qarabağın insanları, ab-havası, musiqi və rəqsləri təsvir olunub
Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rejissoru Azərbaycan və Özbəkistanın Xalq artisti Firudin Səfərov, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirovdur. Yubiley tamaşada Teatrın aparıcı solistlərindən Əməkdar artist Zemfira İsmayılova (Natəvan), Xalq artistləri Azər Zeynalov (Xasay bəy), Şahlar Quliyev (Qasım bəy Zakir), Mənsum İbrahimov (Xanəndə oğlan), Nəzakət Teymurova (Xanəndə qız) və b. çıxış edəcəklər.
Günümüzlə çox səsləşən bu tamaşa mərhum bəstəkarın yubileyi münasibətilə onun xatirəsinə hörmət və ehtiram ifadəsi olmaqla yanaşı tamaşaçılar üçün də çox maraqlı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB