Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə işçi müşavirə keçiriblər. SİA-nın məlumatına görə, müşavirədən əvvəl nazirliyin əməkdaşları Gəncə şəhərində yeni yaşayış massivində yerləşən rayon Mədəniyyət Sarayı, Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Allıkənd kənd Kitabxanası, Sarıdaş kənd kitabxanası, Uşaq İncəsənət Məktəbi, Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Aşıq Şəmşir adına rayon Mədəniyyət evi, Goranboy rayonu Veyisli qəsəbəsində yerləşən Cəçilli kənd Mədəniyyət evi, Qanlıkənd kənd kitabxanasında olub, mövcud vəziyyət, iş şəraiti və problemlərlə maraqlanıblar.
Tədbirin keçirilməsində məqsəd bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin vəziyyətinin öyrənilməsi, mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramlarının icrası istiqamətində görülən işlərin təhlil edilməsi, yerli qurumların fəaliyyətinin təkmilləşdirilməsidir.
Nazirliyin Tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Elektron sənəd dövriyyəsinin təşkili sektorunun müdiri Elçin Hüseynov və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev müşavirədə iştirak ediblər.
Tədbirdə "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli Qanununun, ölkə Prezidentinin 14 fevral 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın, mədəniyyət və turizm sahələrində qəbul edilmiş normativ aktların icrası istiqamətində qarşıda duran vəzifələr, mədəniyyət və turizm naziri tərəfindən regionlarda vətəndaşların qəbulu zamanı qaldırılan məsələlər, problem və təkliflər müzakirə olunub. Regionlarda keçirilən zona müşavirələrində şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin rəhbərlərinə verilən tapşırıqların icrasının vəziyyəti, mədəniyyət ocaqlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində zəruri metodiki vəsaitlərin hazırlanması, sənədlərlə işin müvafiq təlimatlara uyğun aparılması, kadrlarla işin təşkili, qabaqcıl mədəniyyət ocaqlarının iş təcrübəsinin yayılması kimi məsələlər də nəzərdən keçirilib. Kəlbəcər və digər işğal olunmuş rayonların mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə diqqətin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB