Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 130 illiyi qeyd edilib

Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 130 illiyi qeyd edilib

Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbində Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkarı, publisist, dramaturq, ictimai xadim Üzeyir Hacıbəyli və görkəmli bəstəkar, dirijor, pedaqoq, ictimai xadim Müslüm Maqomayevin anadan olmalarının 130 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini, filologiya elmləri doktoru Adilxan Bayramov açıb.

Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları ilə yanaşı Azərbaycanın tanınmış incəsənət xadimlərindən Respublikanın xalq artisti Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Gülnaz Abdullazadə, Zemfira Qafarova, Sərdar Fərəcov, bəstəkar, professor Oqtay Rəcəbov iştirak etmişlər. Onlar Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin həyat və yardıcılıq yolundan, pedaqoji və ictimai fəaliyyətindən, professional musiqi sənətinin inkişafındakı rolundan söhbət açıblar.

Ədəbi-bədii tədbirdə respublikanın xalq artisti Adil Bağırovun rəhbərlik etdiyi Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı, uşaq musiqi, incəsənət məktəblərinin şagird və müəllimləri musiqi nömrələri ilə çıxış ediblər.

Qeyd edək ki, sonda tədbir iştirakçılarına Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin diplom və fəxri fərmanları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə