Azərbaycan turizm rəqabəti 141 ölkə arasında 36-cı yerdədir

Azərbaycan turizm rəqabəti 141 ölkə arasında 36-cı yerdədir

"Bu il Azərbaycanda gediş turizminin həcmi ötən illə müqayisədə 5-7%, gəlmə turizmin həcmi isə 5-6% azalıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.

Nazir bildirib ki, bu azalmalar Rusiya, Gürcüstan, İranda baş verən iqtisadi böhranla bağlıdır: "Bu ölkələrdən gələnlərin sayı azalmaqdadır. Bu da həmin ölkələrin daxili iqtisadiyyatı ilə bağlı olan bir məsələdir. Əgər bu tək Azərbaycana şamil olunardısa, o zaman söyləyə bilərdim ki, deməli biz düzgün etmirik. Ümumiyyətlə dünya turizm məkanlarına nəzər salsaq Rusiya turistlərinin sayı əsaslı şəkildə azaldığını müşahidə etmək olur. Amma Avropa, Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Bu da müsbət tendensiyadır. Onu da deyim ki, Dünya İqtisadi Forumunun son göstəricilərinə görə, Azərbaycanın turizm rəqabəti dünyanın 141 ölkəsi arasında 36-cı yerdədir. Bu o deməkdir ki, bu gün dünyanın inkişaf edən bazarında Azərbaycanın tutduğu mövqe, onun iqtisadi mexanizmləri dünyada tanınır və qəbul olunur. Bu, çox lazımlı və ciddi göstəricidir. Bu il Azərbaycanda 36 min nəfər elektron viza alaraq ölkəyə rahat şəkildə daxil ola bilib. Azərbaycanda viza rejimi artıq çox sərbəstləşib. Turizm məqsədilə elektron viza almaq mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə