Nazir: "Heç kim gözləməsin ki, qiymətlər 100 faiz aşağı düşəcək"

Nazir: "Heç kim gözləməsin ki, qiymətlər 100 faiz aşağı düşəcək"

"Son vaxtlar Azərbaycanda turizm xidmətlərinin qiymətlərinin baha olması haqqında olduqca böyük tənqidlər deyilir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.

Nazir bildirib ki, heç kəs gözləməməlidir ki, tənqiddən sonra nazirlik bir dəqiqənin içində əmr imzalayacaq və bütün qiymətlər 100% aşağı düşəcək və sabahdan hamı bütün otellərə pulsuz gedəcək. Belə şeylər yoxdur və olmayacaq: "Biz bu gün yalnız Azərbaycanın hansısa məkanında turizm xidmətinin baha olmasından danışmamalıyıq. Bu, kompleks yanaşmanın tələb olunduğu məsələdir. Bir turistə xidmət göstərmək üçün azı 5 sahədə çalışan insanın əməyi sərf olunur. Azərbaycanda turizm sənayesi tam sərbəst şəraitdə fəaliyyət göstərən bir sənaye istiqamətidir. Bu gün bəzi turizm məkanında süni şişirtmələr olduğu yerdə qiymətlər artıq bizim yoxlamalardan sonra azalıb. Yay mövsümünün sonu üçün regionlarda yerləşən hotellərin 30 faizində qiymətlər təxminən 10-15 faiz azalıb".

Əbülfəs Qarayev onu da diqqətə çatdırıb ki, qiymətlərin normal olması üçün iqtisadi mexanizmlərin hamısı bir-birini tamamlamalıdır: "Növbəti mövsümə qədər bizdə mənzərə artıq tam aydın olacaq. Lakin yay mövsümünün nəticələri onu göstərir ki, Azərbaycanda hotellərin doldurulması həftə sonu minimum 92-93 faiz təşkil edib. Bu o deməkdir ki, hotellərin hamısı bron olub və onlardan istifadə olunub. Əgər qiymətlər bahadırsa, onda yerlər necə alınır? Demək, sakinlərimizdə alıcılıq qabiliyyəti mövcuddur ki, o yerlərdən istifadə olunur. Sözsüz ki, biz də istəyərdik ki, daha aşağı təbəqələr üçün daha ucuz qiymətlərin olması imkanları yaradılsın. Bununla bağlı tapşırıqlar verilib. 3 ulduzlu hotellərin tikilməsi regionların iqtisadi inkişafı ilə bağlı olan layihələrdə artıq öz əksini tapıb. Bu məsələ İqtisadiyyat və Sənaye Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və icra hakimiyyətləri tərəfindən nəzərə alınır".

Bütün xəbərlər Facebook səhifəmizdə