Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sənətkarın 130 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. SİA-nıın məlumatına görə, konfransı ittifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq dahi bəstəkarımızın 130 illiyi Bakıda, respublikamızın bölgələrində, eləcə ölkəmizdən kənarda, o cümlədən ABŞ-da qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərində 18 sentyabr "Üzeyir Hacıbəyli Günü" kimi elan olunub. Konqresmen Paul Qosar bu münasibətlə çıxış edib. Konqresmen ölməz bəstəkarın Azərbaycanda və müsəlman Şərqində klassik musiqi sənətinin formalaşmasında rolundan bəhs edib.
F.Əlizadə bildirib ki, bu gün görkəmli sənətkarın əsərləri müxtəlif dillərdə səsləndirilir. Bu hər birimizi sevindirir. Bu günlərdə AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Zemfira Səfərovanın Üzeyir Hacıbəyli ilə bağlı kitabı Macarıstanda macar dilində işıq üzü görüb. Azərbaycan musiqisini bənzərsiz əsərləri ilə dünyaya tanıdan Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı bu gün hər birimiz üçün örnəkdir.
Konfransda Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova "Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar İttifaqı" mövzusunda çıxış etdi. Bildirdi ki, Üzeyir bəy ittifaqda milli kadrların irəli çəkilməsinə xüsusi önəm verib. Onun sədrliyi dövründə Bəstəkarlar İttifaqında milli kadrların sayı xeyli artır.
AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova "Üzeyir Hacıbəyli operalarının ilk tamaşalarında Hüseynqulu Sarabskinin rolu", sənətşünaslıq doktoru, professor Cəmilə Həsənova "Üzeyir Hacıbəyli və muğam sənəti", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə " Üzeyir Hacıbəyli şəxsiyyəti Zemfira Səfərovanın elmi yaradıcılığında", bəstəkar-musiqişünas Nərgiz Şəfiyeva "Üzeyir Hacıbəyli dünya klassik musiqisinin bəstəkar-reformatorudur " mövzusunda çıxış ediblər.
Tədbirdə AMEA-nın müxbir üzvi Zemfira Səfərovanın macar dilində nəşr olunan "Üzeyir Hacıbəyli və onun görkəmli sələfləri" kitabının təqdimatı da olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB