Azərbaycanla Argentina arasında saziş imzalanıb FOTOLAR

Azərbaycanla Argentina arasında saziş imzalanıb FOTOLAR

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Argentina Xarici İşlər Nazirinin müavini Eduardo Zuain ilə görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı Azərbaycan və Argentina arasında əməkdaşlıq məsələləri müzakirə olunmuş, qarşılıqlı mədəni əlaqələrin inkişafından söhbət açılıb.

Argentina Xarici İşlər Nazirinin müavini Eduardo Zuain mədəniyyət sahəsində Bakıda və Buenos-Ayresdə təqdimatların keçirilməsini təklif edib. Nazir Əbülfəs Qarayev təklifi yüksək qiymətləndirmiş, həmçinin Argentina turoperatorları üçün tanışlıq turunun təşkil olunmasını da qeyd edib.

Nazir iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə Azərbaycanlı yazıçıların kitablarının tərcümə olunması təklifini də irəli sürüb.

Görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Saziş ölkələr arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə, musiqi, incəsənət, muzey, kitabxana və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə imkan verəcəkdir. Həmçinin, iki ölkə arasında əlaqələrin daimi inkişaf etdirilməsi üçün fəaliyyət planının hazırlanmasına dair razılıq əldə olunub.

Nazir Əbülfəs Qarayev görüş zamanı YUNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq qurumların tərəfdaşlığı ilə birlikdə Bakıda keçirilən III Mədəniyyətlərarası Dialoq Forumun əhəmiyyətindən bəhs etmişdir. Nazir həmçinin, 2016-cı ilin aprel ayında Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında da məlumat vermiş və nümayəndə heyətini növbəti il həmin foruma dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə