Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Bölgələrdən paytaxta" adlı layihənin növbəti təqdimatı Şəmkir rayonuna həsr edilib. SİA-nın məlumatına görə, layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Şəmkir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun tarixini, mədəniyyətini və adət ənənəsini əks etdirən sərgi açılıb.
Əvvəlcə tədbir iştirakçıları Şəmkir rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini, mətbəx nümunələrini, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olublar.
Daha sonra tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlərin regionlara da müsbət təsir etdiyini bildirib. Diqqətə çatdırıb ki, dövlət başçısı tərəfindən qəbul edilmiş regionlarının sosial-iqtisadi inkişafına təkan verən Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb.
Nazir qeyd edib ki, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə baş tutan "Bölgələrdən paytaxta" adlı layihə Azərbaycanın mədəni və tarixi potensial imkanlarından xəbər verir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov regionların iqtisadi-sosial və mədəni inkişafı dövlət başçısının diqqət və qayğısının nəticəsi olduğunu bildirib. Söyləyib ki, bu cür təqdimatlar hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa, nümayiş etdirməyə imkan verir.
Tədbirdə Şəmkirin müasir inkişafını əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, sonra tədbir konsert proqramı ilə davam edib. İlin sonunadək layihə Xaçmaz, Zaqatala rayonlarına və Gəncə şəhərinə də şamil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB