Heydər Əliyev Sarayında “Üzeyir Musiqi Günü” keçirilir

Heydər Əliyev Sarayında “Üzeyir Musiqi Günü” keçirilir

Bu gün Heydər Əliyev Sarayında Azərbaycan musiqi mədəniyyətinin klassiki, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyi təntənə ilə qeyd edilib. SİA-nın məlumatına görə, sarayın foyesində dahi bəstəkarın fotolarından ibarət guşə qurulub.

Tədbiri giriş sözü ilə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi "Üzeyir Musiqi Günü" keçirilir: "Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur. Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə anadan olub. Ü. Hacıbəylinin doğum günü Azərbaycan xalqı üçün musiqi bayramına çevrilib. Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəylinin tamaşaya qoyulduğu "Leyli və Məcnun" operası ilə başlanıb. Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Üzeyir Hacıbəylinin ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb".

Qeyd edək ki, tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz musiqiləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə