Azərbaycan filmi ABŞ-da mükafat aldı FOTO

Azərbaycan filmi ABŞ-da mükafat aldı FOTO

Sentyabr ayının 10-da Vaşinqtonda 12-ci "DC Shorts" qısametrajlı film və ssenari festivalı ("DC Shorts Film Festival & Screenplay Competition") işə başlayıb. Kinofestivalda ilk dəfə iştirak edən Azərbaycan festivala "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən "Nar Mobile" mobil operatorunun iştirakı ilə həyata keçirilən "Üç tarix" adlı film layihəsi çərçivəsində gənc rejissor Mariya İbrahimova tərəfindən çəkilmiş "Tanrıya məktub" adlı qısametrajlı filmlə qatılıb."İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya verilən xəbərə görə, dünyanın 24 ölkəsindən 125 filmin iştirak etdiyi müsabiqədə Mariya İbrahimova tərəfindən çəkilən"Tanrıya məktub" qısametrajlı filmi tamaşaçı rəğbəti nominasiyasında festivalın yüksək mükafatına layiq görülüb. Filmin rejissoru Mariya İbrahimova sevincini gizlətməyərək öz hisslərini belə ifadə edir: "Mən çox şadam ki, "İçərişəhər" Qoruq İdarəsi ilə iş birliyimiz belə nailiyyətlə nəticələndi. Belə möhtəşəm festivalda filmin nümayiş edilməsi bütün dünyaya çox sevdiyim İçəri Şəhərin tanıtmaqda gözəl bir imkandır".

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev nailiyyətin əhəmiyyətini belə dəyərləndirir: "Verilən bu mükafat Azərbaycan kino sənətinin və ümumilikdə Azərbaycanın tarix və mədəniyyətinin dünyada təbliği nöqteyi nəzərindən olduqca önəmli bir nailiyyətdir. Belə layihələrin həyata keçirilməsində İdarə tərəfindən hər zaman gənc və istedadlı sənətkarlara göstərilən dəstək sözsüz ki, ölkəmizin müasir sənətinin geniş beynəlxalq auditoriya qarşısında təşviq edilməsi prosesinə verdiyimiz töhfə olmaqla yanaşı, İçərişəhərin və ümumilikdə ölkəmizin dünyaya tanıdılması üçün daha bir gözəl vasitədir".

Xatırladaq ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə 2012-ci ilin oktyabr ayında start verilmiş "Üç tarix" layihəsinin məqsədi gənc Azərbaycan kinorejissorlarına dəstək olmaq, onlara özünü ifadə imkanı yaratmaq, habelə ölkəmizin tarix-memarlıq irsinə marağın artırılmasından ibarətdir. Layihə çərçivəsində çəkilmiş filmlər müxtəlif beynəlxalq festivallarda iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə