Muzey “Açıq qapı” günü keçirəcək

Muzey “Açıq qapı” günü keçirəcək

Bu il dahi bəstəkar, görkəmli ictimai xadim, alim, musiqişünas, Azərbaycanda və Yaxın Şərqdə opera və operetta janrının banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi tamam olur. SİA-nın məlumatına görə, sentyabrın 18-i görkəmli bəstəkarın doğum günüdür. Həmin gün ölkəmizin hər bir guşəsində, hər bir mədəniyyət ocağında, o cümlədən C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Milli Musiqi Günü kimi qeyd olunur.

Bu il sentyabrın 18-də Teatr Muzeyində fond materialları əsasında bəstəkarın əsərlərinə çəkilmiş geyim və dekorasiya eskizlərindən ibarət "Üzeyir personajları rəssamların gözü ilə" adlı sərgi təşkil olunacaq.

Muzeyə gələn qonaqlara sərgi ilə yanaşı, Azərbaycanda opera sənətinin yaranma tarixi və inkişafı, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat veriləcək və bəstəkarın yaradıcılığını əks etdirən video-çarxlar nümayiş olunacaq. Həmin gün muzeydə "Açıq qapı" günü elan ediləcək. Sentyabrın 22-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçiriləcək tədbirdə də Teatr Muzeyinin yuxarıda adı çəkilən sərgi ilə iştirak etməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə