Bu gün Bakı İdman Sarayında IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi ilə əlaqədar mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi, ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov, Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş məsləhətçisi Elbəy Əli, Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli iştirak ediblər.
Konfransı Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş məsləhətçisi Elbəy Əli açaraq dördüncü dəfə keçiriləcək Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıqların başa çatmaq üzrə olduğunu bildirib. Diqqətə çatdırıb ki, sərginin iştirakçısı olan xarici qurumların nümayəndələri də artıq Bakıya gəliblər. Sərgidə 30 xarici, 100 milli təşkilat iştirak edəcək: "Sentyabrın 18-ə kimi davam edəcək tədbirdə iştirakçılar və ziyarətçilər üçün hərtərəfli şərait yaradılıb. Sərgi çərçivəsində kitab təqdimatları, imza saatları, yerli və xarici naşirlərin toplantıları, Azərbaycan Milli Kitabxanası ilə bir sıra xarici ölkə milli kitabxanalarının saziş imzalama mərasimləri, musiqili təqdimatlar, ALİSA proqramının nümayişi nəzərdə tutulub. Növbəti sərgi də yerli və xarici nəşriyyatlar arasında sıx əlaqələrin qurulması, insanların kitaba marağının artması, yeni imzaların və müəlliflərin tanınması, mövcud sahədə gedən proseslərin öyrənilməsi baxımından geniş imkanlar açacaq".
Daha sonra Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli də çıxış edərək bildirib ki, iki ildən bir təşkil olunan sərgi ötən illərdəkindən fərqli olaraq daha geniş olacaq. Belə ki, keçən dəfəki sərgidə 60 yerli, 15 xarici təşkilat iştirak edirsə, bu il 100 yerli, 30 xarici təşkilat iştirak edir. Həmçinin kitabların nümayişi ilə yanaşı satışı da təşkil olunacaq və qiymətlər dəfələrlə ucuz olacaq".
Qeyd edək ki, rəsmi şəxslərin, ziyalıların, fəxri qonaqların qatılacağı Sərgi-Yarmarkanın açılış mərasimi isə sentyabrın 16-da, saat 15:30-da olacaq. Sərgi sentyabrın 18-ə qədər ziyarətçilərin ixtiyarında olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB