İkimərtəbəli üstüaçıq avtobuslarla "Şəhər turu"nun təşkili uzun illərdir bütün dünyada turizm sahəsinin ayrılmaz hissələrindən birinə çevrilib. Bu sahədə böyük təcrübəsi olan 1999-cu ildə İspaniyanın Sevilya şəhərində yaradılmış "City Sightseeing Worldwide" şirkətinin bugünədək turizm sahəsinin inkişafına görə dünyanın aparıcı 35 ölkəsinin 100-dən çox şəhərində nümayəndəlikləri yaradılıb.
2014-cü ilin aprel ayında Azərbaycan Respublikası da bu ölkələr siyahısına daxil olub və Bakı şəhərinin mədəni irsinin, turizm potensialının geniş təbliğ olunması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış "City Sightseeing Baku" şirkəti tərəfindən "Şəhər turu" həyata keçirilir.
Təsdiq olunmuş marşrut üzrə 1 turun uzunluğu 23 km, müddəti isə 1 saat 30 dəqiqə təşkil edir. "Şəhər turu"ndan istifadə edən yerli və xarici vətəndaşlar hər 3 avtobusda qulaqcıqlar vasitəsilə Azərbaycan, ingilis, ispan, rus, fransız, alman, yapon və fars dillərində olmaqla 8 dildə audiobələdçi sistemindən istifadə edərək hərəkət olunan marşrut üzrə Bakı şəhərinin tarixi, mədəniyyəti, incəsənəti, və s. sahələri ilə əyani şəkildə tanış olmaq imkanı əldə edirlər.
Sözügedən "Şəhər tur"larında iştirak etmək üçün biletləri onlayn olaraq Şirkətin İnternet səhifəsində, avtobusların daxilində və Bakı Turizm İnformasiya Mərkəzində yaradılmış bilet satışı məntəqəsində əldə etmək mümkündür.
Əldə edilmiş biletlər şirkətin konsepsiyasına əsasən "Hop on - Hop off" sistemi çərçivəsində istifadə edilir, yəni insanlar istənilən dayanacaqda avtobusdan enərək müəyyən vaxtdan sonra öz turlarını istənilən dayanacaqdan davam etdirə bilirlər.
Bildirmək istərdik ki, son üç ayda "Şəhər turu"ndan istifadə edən yerli və xarici turistlərin sayında böyük artım müşahidə olunmuşdur. Belə ki, 2015-ci ilin iyun ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə turlardan istifadə edən turistlərin sayında 155% (2,2 dəfə), iyul ayında 162% (2,6 dəfə), avqust ayında isə 147% (1,9 dəfə) artım müşahidə olunub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB