Moskvada "Nicat" Azərbaycan irsinin dirçəlişi cəmiyyəti və"Şəhriyar" Ədəbi-mədəni cəmiyyətilə birgə təşəbbüsü, eləcə də, AMİİ Fondunun və ASGA-nın Moskva nümayəndəliyinin təşkilatı dəstəyi ilə Dünya Gənc Türk Yazarlar birliyinin keçmiş başqanı, hazırda məsləhət şurasının sədri, şair Əkbər Qoşalı ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşü "Şəhriyar" ƏMC-nin sədri Vasif Məmmədov açıb. O, qonaqları salamlayaraq, şairin həyat və yaradıcılığından söz açıb: "Texniki təhsilinə baxmayaraq, Əkbər Qoşalı 1990-cı ildən bəri ədəbi fəaliyyətlə məşğuldur. Artıq 20 ilə yaxındır ki, gənc nəslə türkizm ideyalarını, türkçülüyü aşılamaqda, türk xalqlarının birliyi uğrunda çalışmaqdadır. 1998-ci ildə Qazaxstanda keçirilən Gənc türklərin ümumdünya birliyinin VIII Forumunda o, Dünya Gənc Türk Yazarlar birliyinin başqanı seçilmişdi. Bu birlik indiyədək öz fəaliyyətilə örnək olmaqdadır".
Daha sonra ASGA-nın Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili çıxış edərək sözə başlamazdan öncə, Vətənimizin sərhədlərində və qardaş Türkiyədə son günlər ərzində şəhid olan əsgərlərin ruhunu yad etmək üçün bir dəqiqəlik sükut elan edib.
Sonra o, Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən təltif olunmuş "Tərəqqi" medalı münasibətilə Əkbər Qoşalını təbrik edib.
Azərbaycan silahlı qüvvələrində xidmət zamanı komandiri olmuş Əkbər Qoşalıya öz dərin minnətdarlığını bildirən Toğrul Allahverdili belə deyib: "Çox az adam tanıyıram ki, əsgərlik dövrünü mənim kimi xoş xatirələrlə ansın. Əkbər müəllim, siz anadan-bacıdan uzaq, yuxusuz və yorğun xidmət günlərimizi öz yenilməz ruhunuz və əvəzsiz nəsihətlərinizlə unudulmaz etmisiniz. Sizin bizə bir qardaş kimi aşıladığınız Vətən məhəbbəti, milli ruh hər zaman köməyimiz olacaq. Siz əsgərlərimizə əsil insan olmağı, Vətəni necə sevməyi, onu qorumağı, dünyanın harasında oluruq-olaq əsl azərbaycanlı kimi yaşamağı öyrətdiniz. Buna görə də sizə "çox sağ olun" deyirəm!"
Sonra söz Şəhriyar ƏMC- nin üzvü, tarix elmləri doktoru Əşrəf Hüseynliyə verilib. O, Əkbər Qoşalının şeirlərindəki özünəməxsusluğu, milli-mənəvi dəyərlərə verilən qiyməti əsas tutaraq, onun ərsəyə gətirdiyi çoxsaylı kitablardan danışıb: "Mən Əkbər bəyin yaradıcılığı ilə tanış olarkən çox maraqlı və fərqli misralara rast gəldim. Bunlardan biri də "Mən daşları çiçəklərdən az sevmədim..." kəlmələri oldu. Bu misranın necə dərin məna daşıması yalnız yaradıcı insana məlumdur.
Şair kimdir? Şair – xalqın adamıdır! O, həqiqət axtarışında olan, zamanın iç üzünü açmağa qadir, ikiüzlülüyü, yalanı, saxtakarlığı tanıyıb ifşa edə bilən bir insan olmalıdır.Şairin şeirləri içdən gələn, səmimi və müdrik olmalıdır. Əkbər Qoşalı məhz belə yazarlardandır. Onun həyat tərzi də, yaradıcılığı da buna sübutdur".
Müasir rus gəncliyinin nümayəndəsi, Azərbaycan dili sevdalısı, hər zaman bizim ana dilimizdə danışmağa çalışan və onu dərindən öyrənmək yolunda böyük nailiyyətlər qazanan, artıq adını bir çox xəbərlərdən duyduğumuz Dmitriy Kruqlıx da çıxış edərək şairi salamlayıb və onun bir şeirini orijinalda oxuyub.
Tədbir xatirə şəkillərinin çəkilməsi və milli Azərbaycan süfrəsilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB