Mingəçevir Dövlət Dram Teatrında 47-ci mövsümün açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən teatrın direktoru Səxavət Məmmədov yeni mövsümün açılışı münasibətilə kollektivi və tamaşaçıları təbrik edib. Teatrın 1969-cu ildə C.Cabbarlının "Almas" pyesi ilə fəaliyyətə başladığını qeyd edən S.Məmmədov bildirib ki, o dövrdə səhnəyə çıxan ilk aktyorlar Mingəçevir Xalq Teatrının və Bakı Dövlət Teatr İnstitutunun məzunları olub.
Yarandığı gündən repertuarında Azərbaycanın klassik və müasir dramaturgiyasını əsas götürən Mingəçevir Dövlət Dram Teatrı tanınmış rus və dünya yazıçılarının əsərlərinə də müraciət edib. Azərbaycan dramaturgiyasının nümunələri teatrın səhnəsində uğurla tamaşaya qoyulub. Teatr Gürcüstan və Dağıstana qastrol səfərləri edib, bir neçə dəfə respublika müsabiqəsinin iştirakçısı və qalibi olub. O cümlədən teatr Gəncə və Bakıda keçirilən milli teatr festivallarında da iştirak edən Mingəçevir Dövlət Dram Teatrı yerli sakinlərin sevimli mədəniyyət mərkəzinə çevrilib.
S.Məmmədov məlumat verib ki, bu ilin sonuna kimi Mingəçevir teatrının səhnəsində üç tamaşa təqdim olunacaq. O, yaradıcı heyət tərəfindən Xalq Artisti Zülfüqar Abbasovun quruluşunda "Cəsurlar", Bəhram Osmanovun quruluşunda "Son reportaj" və "Xalidənin taleyi" adlı tamaşaların məharətlə təqdim olunacağına ümid etdiyini bildirib.
Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən teatrın 6 əməkdaşına diplom və fəxri fərmanlar verilib.
Sonda yeni teatr mövsümünün açılışı münasibətilə Xalq Artisti Vaqif Əsədovun hazırladığı "İki yetimin taleyi" tamaşası təqdim olunub. Tamaşada əsas rolları əməkdar artistlər Ella Yaqubova, Akif Mirabov, gənc aktrisalar Fəridə Məmmədova, Afət Əliyeva, aktyorlar Asim Məmmədov və Hüseyn Mustafayev ifa ediblər. Tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB