Müasir dövrdə "informasiya texnologiyaları" ifadəsi hər gün eşitdiyimiz, daha doğrusu çoxişlənən termin kimi leksikonumuza daxil olmaqla, elmi biliklər şəbəkəsindən məqsədəuyğun istifadə edilməsini başlıca zərurətə çevrilib. SİA-nın məlumatına görə, təsadüfi deyil ki, ümumilikdə bu biliklər bazası beynəlxalq standartlar baxımından cəmiyyət həyatının tələbləri kimi dəyərləndirilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) fəaliyyətə başladığı ilk illərdən bir çox beynəlxalq layihələrin işlənib hazırlanmasında və icrasında maraqlı tərəflərdən biri kimi tanınıb. Avropa İttifaqı tərəfindən maaliyyələşdirilən "TEMPUS" proqramının 5-ci çağırış "E-Notes - Azərbaycanda ECDL (European Computer Driving License) Milli operator və test mərkəzlərinin yaradılması" layihəsi üzrə tərəfdaş ali təhsil müəssisələrindən biri də Azərbaycan Turizm və Menecment Universitetidir. Bir faktı da nəzərinizə çatdırmaq istərdik ki, "Tempus" proqramı üzrə "Milli operator və test mərkəzlərinin yaradılması" adlı layihənin şərtləri əsasında ATMU-da 2014-cü ildən fəaliyyət göstərən test mərkəzi müasir texniki avadanlıqlarla təchiz edilib. Layihənin icrası mexanizmində məhz tərəfdaş ali təhsil müəssisələrində ECDL Milli operator və test mərkəzlərinin qurulması, təlimlərin keçirilməsi və sertifikatların verilməsi kimi şərtlər nəzərdə tutulub.
Mobillik çərçivəsində layihənin tərəfdaş universiteti - Polşanın Elm və Texnologiya Universitetinin (UTP) nümayəndələri tərəfindən monitorinqin keçirilməsi nəzərdə tutulub.
Bununla bağlı, Azərbaycan Turizm və Menecment Universitetində layihə çərçivəsində növbəti monitorinq-görüş keçirilib. Görüşdə ATMU-nun rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov, layihənin Qafqaz Universiteti üzrə baş koordinatoru Ü.Bağırov, ATMU üzrə koordinatoru, dekan müavini F.Ələsgərova, Polşanın Elm və Texnologiya Universitetinin (UTP) nümayəndələri- Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Malgorzata Jaroszewska, dekan müavini dr. Janusz Musial və ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak ediblər. Rektor Cəfər Cəfərov qonaqlarla söhbət əsnasında layihənin uğurla davam edəcəyinə və qarşıdakı illərdə Polşanın Elm və Texnologiya Universiteti ilə də əlaqələrin genişlənəcəyinə əminliyini bildirdi. "ECDL Azərbaycan" layihəsinin baş koordinatoru Üzeyir Bağırov isə ECDL (European Computer Driving Lisence) kompyuter bilikləri və beynəlxalq sertifikat proqramına dair məlumatında ECDL-in İrlandiya Foundation tərəfindən idarə edildiyini diqqətə çatdırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB