Əbülfəs Qarayev Nihal Saadla görüşüb

Əbülfəs Qarayev Nihal Saadla görüşüb

BMT Sivilizasiyalar Alyansının (BMTSA) 7-ci Qlobal Forumuna hazırlıqla bağlı təşkilatın nümayəndə heyəti Bakıya səfərə gəlib. Nümayəndə heyətinə BMTSA-nın Ali nümayəndəsinin Ofisinin rəhbəri Nihal Saad rəhbərlik edir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ilə tədbirə hazırlıqla bağlı yaradılmış Təşkilat Komitəsinin rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev arasında görüş keçirilib. Görüş çərçivəsində Foruma hazırlıqla bağlı təşkilati məsələlər, o cümlədən Forumun sessiyaları, iştirakçıların tərkibi, dövlət və hökumət başçılarının, nazirlərin dəvət olunması, gənclər təşkilatlarının Foruma qatılması, tədbirin TV və internet vasitəsilə yayımlanması, həmçinin ümumilikdə Azərbaycanla BMTSA arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub. Nümayəndə həyətinin Azərbaycan Respublikasının Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzində bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulur. Görüş zamanı razılaşdırılmış məqamlar Forumun keçirilməsi barədə müqavilənin mətnində öz əksini tapacaq.

Məlumat üçün bildiririk ki, BMTSA-nın 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə 2015-ci ilin 24 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sərəncam imzalanıb.

Forumda BMT üzv ölkələri, BMT sisteminə daxil olan beynəlxalq təşkilatlar, tərəfdaş beynəlxalq qurumlar və QHT nümayəndələrindən ibarət 3000-dən artıq rəsmi şəxsin iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə