Amerika Birləşmiş Ştatları səfirliyinin İnformasiya Resursları üzrə direktoru xanım Holly Murten və səfirliyin ictimai əlaqələr şöbəsinin maarifləndirici proqramlar üzrə direktoru Aydan Əsgərova M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar. Kitabxanadan SİA-ya verilən məlumata görə, Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlara rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib.
Milli Kitabxananın respublikanın ən iri kitabsaxlayıcısı, region kitabxanaları üçün metodik mərkəz olduğunu bildirilib.
K.Tahirov kitabxanada bütün iş proseslərinin avtomatlaşdırılmasından danışıb, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında yazılmış avtomatlaşdırılmış sistem olan ALISA proqramının regionlara tətbiq edilməsindən, DATA Mərkəzin Milli Kitabxanada yerləşməsindən, region kitabxanaçılarının burada treninqlər keçməsindən bəhs edib.
İxtisasca kitabxanaçı olan H.Murten Milli Kitabxanaya məcburi nüsxələrin verilməsi, beynəlxalq əlaqələr, sənədlərin elektron çatdırılması, tarixi sənədlərin rəqəmsallaşdırılması və s. ilə maraqlanıb. Kitabxana ilə əyani və yaxından tanış olan qonağı maraqlandıran bütün suallar cavablandırılıb.
Qeyd edək ki, görüşün sonunda Azərbaycan Milli Kitabxanası tərəfindən qonağa ölkəmizlə bağlı bir sıra kitablar hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB