"Ölkə Prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədilə verdiyi tapşırıqdan sonra 2-3 ulduzlu otellərin tikilməsi, vizaların sadələşdirilməsi və aviabiletlərin qiymətinə təsir edən konkret təkliflər hazırlanaraq müvafiq qurumlara verilib". Bunu jurnalistlərə müsahibəsində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov söyləyib.
Nazir müavini diqqətə çatdırıb ki, təkliflərdə bu sahədə çalışan sahibkarlar üçün vergi güzəştlərinin tətbiq edilməsi, sahibkarlar tərəfindən çəkilən xərclərin dövlət tərəfindən ödənilməsi, 2-3 ulduzlu otellərin tikilməsi ilə bağlı Sahibkarlığa Kömək Milli Fondunun mehmanxana seqmentinə daha çox diqqət ayırması öz əksini tapıb: "Dünyada turizmin inkişaf etdiyi ölkələrin əksəriyyətində sahibkarlar üçün vergi güzəştləri tətbiq edilir. Artıq aviabiletlərin qiyməti ucuzlaşıb, biletlərin qiymətlərinin endirilməsi artıq Azərbaycana gəlmək üçün turizm paketinin qiymətlərinə də öz təsirini göstərib. Eyni zamanda, viza ilə bağlı Nazirlər Kabineti "Turizm şirkətlərinə viza vermək hüququ verən akkreditasiya qaydaları"nı təsdiqləyib. Artıq 65-ə yaxın turizm şirkəti bu hüquqa malikdir. İnanırıq ki, bu, Azərbaycana çoxsaylı turistlərin gəlməsinə imkan verəcək. Buna baxmayaraq elektron viza məsələsini biz daha dərindən təhlil etdik və dünya təcrübəsinə əsaslanmış təkliflər paketini hazırladıq. Daha sonra Xarici İşlər Nazirliyinə təqdim etdik. Onu da deyim ki, bildiyiniz kimi otellərdə qiymətləri bazar tənzimləyir. Sahibkarların peşə vəzifəsi bu işi daha dərindən təhlil edib, nəticə çıxarmaqdan ibarətdir. Qiymət də tələb və təklif nəticəsində əmələ gəlib. Mədəniyyət və Turizm Nazirliyinin təkliflərini və tövsiyələrini nəzərə almaqla qiymətləri endiriblər. Dövlət olaraq bu sahədə islahatlar da aparmalıyıq. Bununla bağlı da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təkliflər hazırlanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB