Nizami Gəncəvi Özbəkistan mətbuatında

Nizami Gəncəvi Özbəkistan mətbuatında

Özbəkistanın "uchildiz.uz" saytı azərbaycanlı alim, fəlsəfə elmləri doktoru Cabbar Məmmədovun "О некоторых спорных вопросах относительно родины и национальности Низами Гянджеви" adlı məqaləsini dərc edib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, məqalədə illər boyunca bəzi mənbələrdə dahi şairin milliyəti və vətəni haqqında irəli sürülmüş həqiqətə uyğun olmayan fikirlərə əsaslı faktlarla cavab verilir. Azərbaycanın Gəncə şəhərində anadan olan şairin əsərlərinin əsasən fars dilində yazdığı qeyd olunur.

Məqalədə vurğulanır ki, o dövrün böyük düha sahiblərinin öz əsərlərini fars və ərəb dillərində yazmasının əsas səbəbi həmin dövrdə bu dillərin beynəlxalq dil kimi tanınması, bu dillər vasitəsi ilə yaratdıqları əsərlərini dünya ölkələrinə yaymaq və tez tanınmaq, şöhrət qazanmaq olmuşdur. Müəllif qeyd edir ki, bununla da müxtəlif zəka sahibləri öz dövrünün ədəbi yazı dilinin tələblərinə əməl etmək məcburiyyətində qalmışlar. Materialda böyük filosof şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verir, "Xəmsə"nin dünya mədəniyyətinin inciləri siyahısına daxil edilməsindən yazır.

Orta əsrlərdə böyük şairlərin yetişməsində Nizami Gəncəvi yaradıcılığının müstəsna rolu olduğunu qeyd edən alim onun əsərlərinə çəkilmiş illüstrasiyaların Londondakı Britaniya, Parisdəki Luvr muzeylərində, İstanbuldakı Topqapı, Moskvadakı Tretyakov qalereyalarında və digər yerlərdə saxlanıldığını qeyd edir.

Məqalə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə verilib.

"О некоторых спорных вопросах относительно родины и национальности Низами Гянджеви" adlı məqalənin tam versiyası ilə uchildiz.uz saytında tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə