Əbülfəs Qarayev Çoqovadze ilə görüşüb FOTOLAR

Əbülfəs Qarayev Çoqovadze ilə görüşüb FOTOLAR

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Gürcüstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.

Nazir Əbülfəs Qarayev iki ölkə arasında vahid turizm marşrutlarının yaradılması ilə bağlı məsələ haqqında təklif vermiş, belə turizm məhsulunun region ölkələri arasında, eyni zamanda dünya səviyyəsində turist axının cəlb olunması sahəsində iki ölkə üçün mühüm addım olacağı bildirilib. Hər iki ölkənin bir sıra oxşar xüsusiyyətlərinin olması bu sahədə turistlərin diqqətini cəlb edəcəyi vurğulanıb.

Nazir həmçinin, iki ölkəni əhatə edən Şərab Yolu, Aleksandr Düma Qafqazda kimi bir sıra həyata keçirilmiş layihələrdən də bəhs etmişdir. Qeyd olunmuşdur ki, ölkənin infrastrukturu, bölgələrdə aparılan yenidənqurma işləri, yeni mehmanxanaların yaradılması bu sahədə hal-hazırda da müxtəlif layihələr həyata keçirilməsinə əsas verə bilər.

Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadze Gürcüstan iqtisadiyyatının prioriteti olan turizm sahəsi üzrə görülən işlər haqqında məlumat vermiş, həyata keçirilmiş layihələrdən bəhs edib. Giorgi Çoqovadze bildirib ki, Administrasiya turizm sahəsində əsasən virtual təbliğat istiqamətində bir sıra işlər həyata keçirir, eyni zamanda kino filmlərin çəkilməsi, video çarxların hazırlanması istiqamətində aparılan işlər bu sahədə turist axınına səbəb olan amillərdəndir.

Nazir Əbülfəs Qarayev kino sahəsində də əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən bəhs etmiş və qeyd etmişdir ki Azərbaycanda çəkilişləri aparılan məşhur "Əli və Nino" filminin Tiflisdə də bəzi çəkilişlərinin aparılması artıq bu sahədə görülən işlərdən biri sayıla bilir.

Görüş zamanı Nazir həmçinin, Administrasiyanın Azərbaycanda işgüzar turizmin inkişafı istiqamətində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ilə görüşlər aparmasını, həmçinin yerli şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması və bu istiqamətdə işlər aparılması üçün Azərbaycan Turizm Assosiasiyası ilə görüşlər təşkil olunmasını təklif edib.

Xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində iştirak zamanı turizm məqsədi ilə səfər edən turistlərin marağına səbəb olacaq iki ölkənin birgə təkliflərlə çıxış etməsi məsələləri üzrə də fikir mübadiləsi aparılmışdır.

Həmçinin, hava nəqliyyatı, dəmiryolu və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüş zamanı Gürcüstanda turizm sahəsindəki müsbət yeniliklərdən və təcrübədən Azərbaycanda da istifadə olunacağı bildirilib.

Həmçinin, qonaqlar Bakıda səfər etdikləri Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı, Xalça muzeyi, Qız Qalası və Qobustan Milli Tarix Bədii Qoruğu və bir sıra görməli yerlər haqqında yüksək təəssüratlarını bölüşmüşlər.

Qeyd edək ki, səfər çərçivəsində qonaqların Azərbaycan Turizm Assosiasiyasında və Azərbaycan Konqreslər Bürosunda ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Məlumat üçün bildiririk ki, səfərin həyata keçirilməsində əsas məqsəd iki ölkə arasında işgüzar (MİCE) turizm sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, MDB məkanında ilk dəfə olaraq 2013-cü ildə ölkəmizdə təsis edilmiş Azərbaycan Konqreslər Bürosunun təcrübəsindən istifadənin öyrənilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə