BMT Sivilizasiyalar Alyansının (BMTSA) 7-ci Qlobal Forumuna hazırlıqla bağlı təşkilatın nümayəndə heyəti Bakıya səfərə gəlib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ilə tədbirə hazırlıqla bağlı yaradılmış Təşkilat Komitəsinin rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə arasında görüş keçiriləcək. Bununla yanaşı nümayəndə həyətinin Azərbaycan Respublikasının Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzində bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Görüş çərçivəsində Azərbaycanla BMTSA arasında əməkdaşlığın hazırkı vəziyyəti, Forumun keçirilməsi barədə müqavilənin mətni, Forumun sessiyaları, iştirakçıların tərkibi, dövlət və hökumət başçılarının, nazirlərin dəvət olunması, tədbirin TV və internet üzərindən yayımlanması və digər məsələlər müzakirə olunacaq.
Məlumat üçün bildiririk ki, BMTSA-nın 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə 2015-ci ilin 24 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sərəncam imzalanıb.
Forumda BMT üzv ölkələri, BMT sisteminə daxil olan beynəlxalq təşkilatlar, tərəfdaş beynəlxalq qurumlar və QHT nümayəndələrindən ibarət 3000-dən artıq rəsmi şəxslərin iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB