Bakıda VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. SİA-nın məlumatına görə, Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur.

2009-cu ildən başlayaraq ölkəmizdə 18-28 sentyabr tarixlərində keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2015-ci il 18-28 sentyabr tarixlərində Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. Festivalda Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya, Kanada, Türkiyədən tanınmış musiqiçilər və kollektivlər - Liyepaya Simfonik orkestri, Gürcüstan Kamera Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksofon kvarteti, Mişel Kampanella, Oleq Poxanovski, Tanel Joamets, Azmex Kinan, Miina Yarvi və başqaları iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə