Xəbər verdiyimiz kimi, xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərov dünyasını dəyişib. Bu gün xalq artistinin vida mərasimi olub. Mərhumun evində keçirilən mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, nazirliyin rəsmiləri, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, teatrın bədii rəhbəri - baş rejissoru Azərpaşa Nemətov, mədəniyyət və incəsənət xadimləri və başqaları iştirak ediblər. İlham Əsgərovun cənazəsi Masallıya yola salınıb.
Həmkarları xalq artistinin vaxtsız vəfatından çox üzüldüklərini bildiriblər.
Xalq artisti İlham Namiq Kamal: "Azərbaycanın dəyərli sənətkarı, xalq artisti İlham Əsgərov dünyasını dəyişib. Məkanı cənnət olsun".

Əməkdar İncəsənət xadimi Məlahət Abbasova :"Bu gün sözün bitdiyi bir gündür..... Çox dəyərli, özəl, teatra gəldiyimidə ilk baş rolumu bərabər oynadığım bir sənət dostumu itirdim. Bir neçə ay əvvəl səhvən ona zəng etmişdim. Səsimi eşidəndə çox sevinmişdi. Nə qədər gülmüşdük. Ölüm sənə heç yaraşmadı. Acım çox böyükdür. Səni heç bir zaman unutmayacam. Hər zaman qəlbimdə qalacaqsan gözəl insan. Məkanın cənnət olsun. Nur içində yat. Nur üzlü insan".

Aktrisa Dilarə Nəzərova: "57 yaş həddi sən nə qədərdə qəddar imişsən. Ay Allah Telman Adıgözəlov 57, İlham Əsgərov 57 iki dəyərli dost, sənətkar, tərəf müqabili, gözəl insan Allah bizə səbir ver. Çox kədərliyəm. Göz yaşlarım dinmir. Ürəyim paramparça oldu. Aramızdan əzizlərimizi dostlarımızı itiririk. Allah sənə rəhmət eləsin İlham Əsgərov".

Əməkdar artist Bəsti Sevdiyeva: "Mənim çox dəyərli dostum, qardaşım, tələbə yoldaşım bənzərsiz səs diapazonu olan respublikanın xalq artisti, gözəl aktyorumuz İlham Əsgərov dünyasını dəyişdi. Allah rəhmət eləsin".

Əməkdar artist Nahidə Orucova: "Bu xəbəri eşidib çox üzüldüm. Göz yaşlarım dayanmır. Dəyərli aktyorlarımızı getdikcə itiririk. Onların qədrini bilmirik. Allah sənə rəhmət eləsin İlham Əsgərov".

Əməkdar artist Naibə Allahverdiyeva: "İnana bilmirəm. Səhnə cazibəsi, əsrarəngiz səs, nurlu sima sahibinin bu dünyanı belə tez tərk etməsi ilə barışa bilmirəm".

Aktyor Anar Heybətov: "İtirə-itirə gedirik. Amma hara bilmirəm. Allah rəhmət eləsin".

Əməkdar artist Aybəniz Haşımova: "İlham Əsgərovun evindən gəlmişəm. Kaş ki onu belə susmuş, dinməz görməyəydim. Axı məni bu günlərdə təbrik etdin, dedin ki, qocalasan, nənə olasan. Bəs özün niyə qocalıb baba olmadın? Deməli biz də sənin əvəzsiz, ruhumuza məlhəm olan səsini bir daha eşitməyəcəyik".

Əməkdar artist Lalə Məmmədova: "Aldığım xəbərdən çox üzüldüm. Səhnəmizin pozitiv və yaraşıqlı aktyoru İlham Əsgərov vaxtsız vəfat edib. Yaddaşımda gülərüz, səmimi və həyatsevər birisi kimi həmişə qalacaq. Məni görəndə fəxrlə "Ay Lalə xanım, biz hər ikimiz Masallı torpağının yetirmələriyik " deyərdi. Məncə o səhnədə hələ öz sözünü deməmişdi. Çox heyf. Allah Rəhmət Eləsin".

Müğənni Rəşad İlyasov : "Allah rəhmət eləsin. Gözəl aktyorumuz, əvəzolunmaz qiraətçi, səmimi insan Azərbaycanımızın xalq artisti İlham Əsgərov. Bir yerdə məclislərə düşəndə çox sevinirdim. Çünki insana çox dəyər verirdi... Apardığı tədbirlər çox rəvan keçirdi. Hər zaman insanı ruhlandırırdı. Sənətinin ən gözəl çağı idi. Allah rəhmət eləsin".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB