Turizm potensialımız Fransa KİV-lərinə təqdim olundu FOTOLAR

Turizm potensialımız Fransa KİV-lərinə təqdim olundu FOTOLAR

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi və Fransanın "Challenge Tourisme" Assosiasiyasının təşəbbüsü ilə Bakıda "Açıq innovasiya və turizm" mövzusu üzrə tədbirlər keçirilir. SİA-nın məlumatına görə, tədbirlər çərçivəsində Azərbaycanın turizm potensialının Fransanın turizm sənayesi və kütləvi informasiya vasitələri nümayəndələrinə təqdimatı keçirilib.

Tədbirdə Fransanın bir sıra tanınmış turizm və səyahət agentlikləri, turizm sahəsində ixtisaslaşmış "Amadeus", "Challenge Tourisme" Assosiasiyası, "Tourmag.com", "TV Tourisme", "ITourisme" və digər təşkilatlarının təmsilçiləri yer alıb.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev qonaqlara Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verib. Bildirib ki, son illər ölkəmizdə turizm sənayesi sürətlə inkişaf edir. Eyni zamanda ölkəmizə turist axınının daha da artırılması üçün Fransa kimi məşhur turizm ölkəsi ilə əməkdaşlığın gücləndirilməsinin önəmini vurğuladı.

Tədbirdə Azərbaycanın turizm potensialı, zəngin tarixi, mədəniyyəti, mətbəxi və adət-ənənələridən bəhs edən video təqdimat nümayiş olundu.

Daha sonra Azərbaycan Konqreslər Bürosunun marketinq meneceri Anar Nərimanov çıxış edərək, 2013-cü ildə MDB məkanında ilk olaraq ölkəmizdə təsis edilən Konqreslər Bürosunun fəaliyyəti barədə təqdimat verdi.

Qonaqların marağına səbəb olan digər təqdimat "GEO travel" şirkətinin əməkdaşı Gülçin Yetirmişli tərəfindən edildi. Təqdimatda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış "Aleksandr Düma Qafqazda" beynəlxalq turizm marşrutu barədə tədbir iştirakçılarına məlumat verdi.

"Challenge Tourisme" Assosiasiyasının prezidenti Salemi Jüsuyen Azərbaycanda ilk dəfə olmasına baxmayaraq ölkəmiz haqqında zəngin təəssüratlarının formalaşdığını bildirdi. Zəngin tarixə və mədəniyyətə, yüksək qonaqpərvərliyə sahib Azərbaycanı görmək fransızlar üçün maraqlı olacağını vurğulayıb.

Tədbirdə eyni zamanda Fransanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Paskal Mönye, "Fairmont Baku" mehmanxanasının baş direktoru Paskal Lepru da ölkəmizdə turizmin inkişafı sahəsindəki götürülmüş işlər haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin sonunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fransız dilində nəşr olunan ölkəmizin mədəniyyətini və turizmini təbliğ edən kitablar paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə