Bu gün Azərbaycanın tanınmış teatr və kino aktyoru, "Şərəf" ordenli, xalq artisti Siyavuş Aslanın doğum günüdür. SİA-nın məlumatına görə, xalq artisti yaşasaydı 80 yaşı tamam olacaqdı.

Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib və bir çox obrazların mahir ifaçısı olub.

O, "Hamlet", "Böyük Romul", "Ax, Paris, Paris", "Mənim sevimli dəlim", "Hicran" , "Poçt şöbəsində xəyal", "Varlı qadın", "Sevgililərin cəhənnəmdə vüsalı", "Bizim qəribə taleyimiz" tamaşalarında, "Ulduz", "Bəyin oğurlanması", "Yol əhvalatı" filmlərində, "Yaşıl eynəkli adam, "Qaynana əməliyyatı" və s. teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlar qalereyası ilə böyük tamaşaçı sevgisi qazana bilib. Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi. Son filmi "Adam ol" filmidir.

Qeyd edək ki, ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə