Turizm şirkətləri üçün akkreditasiya QAYDALARI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası" təsdiq edilib. SİA-nın məlumatına görə, bu qayda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və turistlərə elektron viza hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsi qaydasını müəyyən edir.

Qeyd edirik ki, "Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli, 2577 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilin 15 mart tarixindən Azərbaycan Respublikasına viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilkin olaraq əsasən gəlmə turizmlə məşğul olan 65 turizm şirkətinə sözügedən bu sistemdən istifadə edərək elektron turist vizası almaq hüququ vermişdi. Hal-hazırda ilkin olaraq elektron turist viza sistemindən istifadə etmək həvalə olunmuş turizm şirkətləri "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"na uyğun olaraq akkreditasiyadan keçirilir.

Bununla yanaşı bildiririk ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyindən xüsusi razılıq (lisenziya) almış və qeyd olunan qaydalarda göstərilən tələblərə uyğun gələn istənilən turizm şirkəti akkreditasiyadan keçmək üçün Nazirliyə müraciət edə bilərlər.

Əlavə olaraq bildiririk ki, elektron turist vizaları müraciət edildikdən ən geci 10 gün müddətinə rəsmiləşdirilir. Məlumat üçün bildiririk ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən viza verilməsi prosedurunun 10 gündən 5 günə salınması ilə bağlı birgə fəaliyyət həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə