Bu gün Bakı Turizm İnformasiya Mərkəzində bölgələrdə turizmin inkişafı, bu sahədə fəaliyyətin genişləndirilməsi, turizmin təbliğinə həsr olunmuş treninq keçirilib. SİA-nın məlumatına görə, treninqdə bu il yaradılan Bərdə, Qəbələ, İsmayıllı və Qusar rayonlarının turizm informasiya mərkəzlərinin direktorları iştirak edirdi.

Tədbirdə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev məruzə ilə çıxış edərək yeni yaradılmış turizm informasiya mərkəzlərinin fəaliyyət istiqamətləri, müxtəlif turizm müəssisələri ilə işin qurulması haqqında geniş məlumat verib.

Qeyd olunub ki, bu gün ölkəmizdə turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Paytaxtla yanaşı bölgələrdə də yeni turizm mərkəzləri, hotellər inşa edilir. Bununla bağlı həm turizm informasiya mərkəzləri, həm də turizm şirkətləri işini günün tələblərinə uyğun qurmalıdır. Bölgələrə səfər edən turistləri düzgün istiqamətləndirmək, onların istəklərinə uyğun hotellərdə yerləşdirərək yüksək səviyyədə xidmətin təşkil olunması vacibdir ki, turist gələcəkdə yenə həmin turizm müəssisəsinə gəlmək istəsin. Bölgə haqqında müxtəlif dillərdə ətraflı məlumatların əks olunduğu, turistlərin mənalı istirahətinin təşkili üçün muzeylərə, teatrlara və tarixi abidələrə ekskursiyaların təşkili barədə dolğun informasiyanın yer aldığı çap və elektron vasitələrindən geniş istifadə etmək lazımdır.

Zakir Əliyev bölgələrdə yerləşən turizm obyektləri ilə sıx əlaqələrin qurulmasının, keçirilən mədəni-kütləvi tədbirlərdə, festivallarda iştirakın vacibliyini diqqətə çatdırıb.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov turizmin təbliğində yeni imkanlardan söz açdı. Bildirdi ki, müasir informasiya vasitələrindən və sosial şəbəkələrdən geniş istifadə etmək lazımdır, bölgənin turizm imkanları haqqında ətraflı məlumatlar yerləşdirilməlidir. Biz də bu sahədə bütün turizm informasiya mərkəzlərinə öz köməkliyimizi göstəririk. Yaxın vaxtlarda yeni təşkil olunan turizm informasiya mərkəzlərinin də saytları yaradılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...