Gənc Tamaşaçılar Teatrı mövsümü açdı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi sentyabr ayının 1-də növbəti məzuniyyəti başa vurub yeni - 88-ci teatr mövsümünün açılışına start verib. Tetarın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kollektivi qəbul edən teatrın direktoru Respublikanın Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov geniş kollektiv toplantısında teatr əməkdaşlarını salamlayıb, yeni mövsümə başlanılması münasibətilə onları təbrik etmiş, ilin sonunadək görüləcək işlər barədə ətraflı məlumat verib. Teatrın rəhbəri qeyd edib ki, sentyabr ayının 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı öz qapılarını sevimli tamaşaçılarına açacaq. Həmin gün saat 12.00-da H.K.Andersenin "Çirkin ördək balası", saat 19.00-da U.Şekspirin "Romeo və Culyetta" tamaşaları göstəriləcək.

Görkəmli Danimarka yazarı Hans Kristian Andersenin "Çirkin ördək balası" nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

Tamaşada əsas rolları Əməkdar Artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Araz Pirimov, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev, Rasim Cəfərov və başqaları ifa edəcəklər.

İki hissəli məhəbbət faciəsi olan "Romeo və Culyetta" tamaşasının quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir. Plastik həll və rəqslərin quruluşu Rusiyalı xoreoqraf, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisaya məxsus tamaşada əsas rolları Günel Məmmədova, Elnur Kərimov, digər rolları isə əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Şövqi Hüseynov, Nicat Kazımov, Kəmalə Hüseynova, Qurban İsmayılov, Nəsibə Eldarova, Leyli Vəliyeva, aktyorlar Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Məhərrəm Musayev, Elnur Hüseynov, Eyvaz İbrahimov və başqaları ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə