Qəbələdə mürəbbə festivalı baş tutdu FOTOLAR

Qəbələdə mürəbbə festivalı baş tutdu FOTOLAR

Qəbələ şəhərində rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə mürəbbə festivalı keçirilib. SİA-nın məlumatına görə, tədbirin açılış mərasimində Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov çıxış edərək ötən il bu festivalda 8 rayondan, bu il isə 20 şəhər və rayondan şirniyyatçılar iştirak etdiyini diqqətə çatdırıblar. Bildirilib ki, növbəti ilə sözügedən festivalın beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılır.

Qəbələ mürəbbə festivalında Şəki, Abşeron, Qobustan, Şamaxı, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Zaqatala, Xaçmaz, Qusar, Quba, Gədəbəy, Goranboy, Gəncə, Oğuz və Qəbələnin hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfər, habelə həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər.

Həmçinin münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müxtəlif nominasiyalar üzrə qalib elan olunub. Təşkilatçılıq baxımından festivalda fəal iştirak edən Qəbələ rayon İcra Hakimiyyətinə qızıl medal, Xaçmaz və Abşeron rayon icra hakimiyyətlərinə isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə