“Naxçıvanski 120” adlı tədbir keçirilib

“Naxçıvanski 120” adlı tədbir keçirilib
Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında General Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr edilmiş "Naxçıvanski 120" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Prezident Qvardiyasının əsgərləri, Sərhəd Qoşunlarını Sahil Mühafizəsinin və Daxili Qoşunların şəxsi heyəti iştirak edib.

Müdafiə Nazirliyinin Mənəvi- Psixoloji Hazırlıq və İctimaiyyətlə əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani və Tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov generalın həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış ediblər. Bildirilib ki, məşhur Naxçıvan xanları sülaləsinin axırıncı – altıncı generalı, briqada komandiri Naxçıvanski Cəmşid Cəfərqulu oğlu 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində anadan olub. 1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirib. Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak edib, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunub. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılıb, 2-ci, 3-cü, 4-cü dərəcəli Anna, 2-ci, 3-cü dərəcəli Stanislav ordenləri ilə təltif olunub.

Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştab-rotmistri C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıdıb, 1918-ci il sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını düşmənlərdən təmizləyib.

C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxuyub, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olub.

C. Naxçıvanski 26 avqust 1938-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum olunub və hökm dərhal icra edilib. 1956-cı ildə Cəmşid Naxçıvanski tam bəraət alıb.

Qeyd edək ki, tədbirdə həmçinin Cəmşid Naxçıvanskiyə həsr olunmuş sənədli filmi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə