"Bəxtiyar Vahabzadə -90" adlı kitab sərgisi açılıb FOTOLAR

"Bəxtiyar Vahabzadə -90" adlı kitab sərgisi açılıb FOTOLAR
Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş "Bəxtiyar Vahabzadə -90" adlı geniş kitab sərgisi açılıb. SİA-nın verdiyi xəbərə görə, kitabxananın direktoru, filologiya elmləri doktoru, professor Kərim Tahirov çıxış edərək xalq şairinin həyat və yaradıcılığına qısaca nəzər salıb. Bəxtiyar Vahabzadənin Azərbaycan poeziyasının klassik simalarından biri olmaqla yanaşı, poeziyada milli-mənəvi simvol olduğunu da xüsusi qeyd edib.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli Bəxtiyar Vahabzadə haqqında danışaraq onu Azərbaycan tarixinin bir parçası adlandırıb. Bildirib ki, o, əsərlərində cəmiyyətdə baş verən hadisələrə, bir sözlə bütün sahələrdə olan mövzulara toxunub.

Tədbirdə Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi çıxış edərək xalq şairinin yaradıcılığı haqqında fikirlərini bölüşüb. Bəxtiyar Vahabzadə əsərlərinin ümumilikdə bütün müsəlman aləmində, xüsusən ərəb dövlətlərində sevilərək mütaliə edilməsini və sənətkarın yaxın Şərqdə baş verən proseslərə heç vaxt biganə qalmadığını vurğulayıb.

Qeyd edək ki, sonda qonaqlar sərgi ilə tanış olublar. Sərgidə görkəmli qələm adamının poetik istedadını əks etdirən 200-dən çox şeir kitabı və seçilmiş əsərləri nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə