Vokalçımızdan YENİLİK
Oktyabrın 17-də P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında Azərbaycanın əməkdar artisti, Rusiya Böyük Teatrının solisti Dinara Əliyevanın konserti olacaq. SİA-nın verdiyi xəbərə görə, o, Rusiyanın "Orfey" radio simfonik orkestri ilə birlikdə çıxış edəcək.

D.Əliyeva Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Kolmar (Fransa) və Praqada (Çexiya) "GalaVerdi" adlı solo konsertləri uğurla keçib.

Qeyd edək ki, soydaşımız Böyük Teatrda bir sıra klassik opera qəhrəmanlarının obrazlarını, eləcə də İohan Ştrausun "Yarasa" operettasında Rozalinda obrazını yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə