"Nabat" Almaniyada FOTO
Rejissor Elçin Musaoğlunun "Nabat" bədii filminin Almaniyada keçirilən 9-cu "Beş göl" Beynəlxalq film festivalında (Fünf Seen Film Festival) təqdimatı olub. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından SİA-ya verilən məlumata görə, festivalın əsas müsabiqə proqramında yer alan filmin növbəti nümayişi avqustun 8-ə nəzərdə tutulub.

Qeyd edək ki, bu il "Nabat" filmi Almaniyada ilk dəfə 63-cü Mannheym-Heydelberq Beynəlxalq film festivalının əsas müsabiqə proqramında təqdim olunub və festivalın üç nüfuzlu mükafatına layiq görülüb.

2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Qeyd edək ki, ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə