Yeni uşaq əyləncə mərkəzi istifadəyə verilib
Göyçayın “Kosmos”u

Göyçayda həyata keçirilən tikinti-quruculuq işləri uğurla davam etdirilir. Heydər Əliyev parkının ərazisi əsaslı yenidənqurma işləri nəticəsində bir hektar sahə genişləndirilib, rayon sakinlərinin mənalı istirahəti üçün hər cür şərait yaradılır. Hazırda yenidən qurulan parkda müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılır, yaşıllıq zolaqları salınır, fəvvarələr tikilir. Parkın ərazisində gənclərin asudə vaxtının səmərəli keçməsi üçün gənclər mərkəzi inşa edilir. Həmçinin şəhərin müxtəlif yerlərində kiçik yaşıllıq zolaqları salınır və istirahət guşələri yaradılır, fantanlar və işıqlandırma sistemi quraşdırılır.

Sabir bağında isə bu günlərdə yeni "Kosmos" uşaq əyləncə mərkəzi istifadəyə verilib. Yay vaxtı məktəblilərin və azyaşlı uşaqların istirahəti və əylənməsi üçün yeni açılan mərkəzə böyük maraq var. Valideynlər öz övladlarını, baba və nənələr isə nəvələrini həmin əyləncə parkına gətirməklə onlara sevinc bəxş edirlər. Balacaların marağını isə ən çox əyləncə mərkəzindəki avtodrom, müxtəlif oyun aparatları, uşaq avtomobilləri və kiçik karusellər cəlb edir ki, onların da qiyməti bir uşaq üçün 50 qəpik və 1 manatdır. Əyləncə mərkəzində uşaqlar üçün müxtəlif şirniyyatların, qida məhsullarının, oyuncaqların satışı da təşkil edilir. Ərazidə valideynlər üçün çay evi də yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə