Tanınmış aktyor: "Röya ilə bir ay İstanbulda..." MÜSAHİBƏ

Tanınmış aktyor: "Röya ilə bir ay İstanbulda..." MÜSAHİBƏ

Akademik Milli Dram Teatrı ətrafında baş verənlər nəinki teatrın hazırki heyətini, hətta keçmiş aktyorlarını da dilə gətirib. Onlar hesab edirlər ki, bu gediş ölkənin ana teatrı üçün faciəvi sonluqla nəticələnə, mədəniyyət ocağını dərnək səviyyəsinə endirə bilər.

SİA-nın xəbərinə görə, sualları "Azdrama"nın keçmiş aktyoru İlyas Əhməd cavablandırır

- İlyas bəy, istərdim əvvəlcə "Azdrama"ya necə gəlməyiniz barədə danışasınız...

- Akademik Milli Dram Teatrına 2003-2004-cü illərdə gəlmişəm. Ondan əvvəl Gənc Tamaşaçılar Teatrında işləyirdim, daha çox uşaq tamaşalarında oynayırdım. Müəllimim Ağakişi Kazımov mənə dedi ki, perspektivli aktyorsan, gəl, səni rolla "Azdrama"ya aparım. İlk rolum Bəxtiyar Vahabzadənin "Rəqabət" əsərində Qaçay rolu oldu. Orada belə bir epizod var ki, Nurəddin Mehdixanlını tapançayla vurub, qaçıram. Tamaşadan sonra rəhmətlik Bəxtiyar Vahabzadə dedi ki, Nurəddini yaman vurdun ha.

Onda cavan uşaq idim və nəhənglərlə dayanmaq mənim üçün bilirsiniz nə idi? Direktor Əliabbas Qədirov dedi ki, perspektivli aktyor olsan da, özünü tam göstərə bilmədiyin üçün səni ştata götürə bilmərəm. Ondan sonra Rövşən Almuradlının quruluşunda "Ölüləri qəbristanlıqda basdırın tamaşasında kəndin lotusu Nağını oynayırdım. Balaca rol olsa da, yaddaqalan idi. Yadımdadır ki, Nurəddin Mehdixanlı, Əliabbas Qədirov, Ramiz Novruz, Ramiz Məlik məni qucaqlayıb dedilər ki, bizim teatra belə aktyorlar lazımdır və sən bu rola möhür vurdun. Ondan sonra ştata götürüldüm. Ardınca "Mesanat", "Uçqun" kimi tamaşalarda oynadım.

- Maqbet Bünyadovun dövründə də teatrda idiniz...

- O, dörd il direktor oldu. Direktor kimi ikinci elə yaxşı insan görməmişəm. Hətta qastrolda soruşurdu ki, pulun var? Yalandan da olsa, deyirdik ki, var. Razılaşmırdı, deyirdi pulunu göstər, baxım. Aktyorun da cibində nə olacaq? Sutkalığımız, bir də beş-on manat ordan-burdan olan qazancımız. Aktyora qalan qastrol olur da... Yadıma düşmüşkən, bir məsələyə də münasibət bildirim. "Çayxana cəngavərləri" frazası ilə razı deyiləm. Aktyor elə məvacib almır ki, gedib bahalı yerdə nahar edə-edə söhbət eləsin. Bu yazıq, yetim aktyor acqarına oturur. Əvvəl biz axşam 10-11-ə kimi teatrın bufetində otururduq, yaradıcı söhbətlər edirdik. Məşqdən yarım saat əvvəl səhnədə olurduq. İndi hər şey maraqsızlaşıb, yeni gələnlər nəhəng sənətkarlara etinasızlıqla yanaşırlar. Bu, qətiyyən doğru deyil. Hara gəlib düşdüklərindən xəbərləri yoxdur. Qayıdıram Maqbet müəllimə...Bizdə işçi olub ki, 200 manat lazım olub. Yaxınlaşıb ki, 200 manat yazın, maaşdan çıxarsınız. Zəng vururdu mühasibə ki, filankəsə 200 manat mükafat yaz. Demək istədiyim odur ki, bu adam aktyorun qayğısına qalırdı.

- Axı Maqbet Bünyadov direktor olanda da narazılar çox idi.

- Bəzi aktyorlar peşmandırlar ki, Maqbet müəllim yoxdur, yerində İsrafil müəllimdir. Hamının adından danışa bilmərəm, əksəriyyət belə düşünür.

- İsrafil İsrafilovun dövründə "Azdrama"da işləmisiniz?

- Əvvəla onu deyim ki, İsrafilov mənim müəllimim olub və direktor təyin olunanda sevinmişdim. Gələn kimi heç bir səbəb olmadan məni və doqquz nəfəri ştatdan çıxartdı. O vaxt aktyorlar arasında birlik yox idi. Sevinirəm ki, heç olmasa aktyorlar indi birləşə biliblər. Gəlib aktyorlara dedim ki, direktorun qəbuluna gedirəm, gələn var? Heç kim getmədi, tək getdim. Dedim ki, filan tamaşalarda baş rollardayam, məni niyə ştatdan çıxartmısınız? Dedi ki, heç birinə baxmamışam.

Soruşdum ki, bəs nəyə əsasən məni ştatdan çıxarıb, yardımçı heyətə salırsınız? Nənəm aktrisa, anam müğənni, qardaşım aktyor olub və bu sahədə təsadüfi adam deyiləm. Burada canımı qoymuşam desəm, böyük səslənər. Hər halda cavanlığım teatrda getdi, əziyyət çəkmişəm. Gecələr taksidə işləmişəm ki, teatrdakı fəaliyyətimi davam etdirə bilim.

- Yəni aktyorluqla yanaşı, həm də taksidə işləmisiniz?

- Bəli, tamaşdan sonra "şahmat"ı maşının üstünə qoyub, düşürdüm şəhərin küçələrinə. Bunu hamı bilirdi.

- İndi də taksika işləyirsiniz?

- Əslində, istəməzdim ki, bu suala cavab verim...Bəli, indi də taksidə işləyirəm. Çünki İsrafil müəllim mənim çörəyimə bais oldu. "Azdrama"da məvacib əvvəl çox az idi, indi bir az qalxıb. Hər halda 200-300 alırdım, çörəyimə bais oldu.

- Bəs filmlərə, seriallara çəkilmirsiniz?

- Məcburən mövzudan kənarlaşacağam. Aktyor indi seriallara tamaşaçı qismində baxır, çəkilmir. Kimi dindirirsən, aktrisadır. Kimin saçının bir az teli varsa, aktyordu. Biz aktyorlar isə kənarda qalmışıq.

- Qayıdaq "Azrama"ya. Necə oldu ki, işdən getdiniz?

- Dedim İsrafil müəllim, siz məni tanımırsınız. Bəs sizə kim məsləhət görüb ki, İlyası yardımçı heyətə salın.

- Cavabı nə oldu?

- Təbii ki, deməz kim dediyini. Amma mən bilirəm ki, bu, truppa müdiri Elnur Məmmədovdur. Bu adam teatrda aləmi qatıb bir-birinə, indi özünü direktor hiss edir. Çox çalışdı məni başa salsın ki, bu, mənim islahatımdır, çox yaxşı şeydir. Axırda dedim ki, müəllim, nə oldu, elə sizin bu eksperiment mənim başımda çatladı? Çox danışıqdan sonra ştata qaytarıldım. Bəzi aktyorlar dedilər ki, sağ olsun, səni ştata götürdü. Dedim, ay qardaş, onsuz da mən ştatda idim də. Ondan sonra qara günlərim başladı...

Bir deyil, iki deyil e, üç ildir müsahibə vermirəm (köks ötürür). YUĞ-dan, digər teatrlardan rejissorlar, aktyorlar dəvət olunmağa başladı. Məgər mən taksidə işlədim, özümü fəda elədim ki, qıraqdan gələnlər baş rol oynasın, biz də kütləvi səhnələrə çıxaq? Bunlara baş rollar xonçada, hörmət-ehtiram xonçada... Hətta Elnur Məmmədov yeni gələnlərə mülayim yanaşırdı, bizim üstümüzdə direktorluq etmək istəyirdi.

- Səhv etmirəmsə, "Qatil" tamaşasında oynamalıydınız. Sonra nə baş verdi ki, həmin rol sizdən alındı?

- Tamaşada mənə baş rol verildi. Eyni zamanda səfirliklərin birində sürücü işləyirdim. Bütün işimi-gücümü atdım, başladım məşqlərə. Qısa müddətdən sonra artıq mətnsiz məşq edirəm. On il bu rolu gözləmişdim. Mehriban Ələkbərzadə də təəccübləndi ki, siz mətnsiz məşq edəcəksiniz? Tərəf müqabilim də Şəhla Əliqızı idi. Bir də ayıldım ki, məşqlərə gəlmirəm. Yenə direktorun yanına getdim ki, mən niyə məşqlərə gəlmirəm? Dedi ki, elə şey ola bilməz.

- Niyə məşqlərə getmirdiniz?

- Çünki məşqə çağırmırdılar, məşq saatlarını demirdilər. Beləliklə, tamaşanı da oynamadım və ərizəmi yazıb işdən çıxdım. Üç il əvvəl işdən çıxanda demişdim ki, bu islahatlar "Azdrama"nı düzgün istiqamətə aparmır. Gördüyünüz kimi proqnozlarım özünü doğrultdu.

- Yenidən "Azdrama"ya qayıtmaq istəyirsiniz?

- Təbii ki, qayıdacağam. Ya direktor dəyişikliyindən sonra, ya İsrafil İsrafilov özü dəvət etsə, fikirləşərəm ki, qayıdım, ya yox. İsrafil müəllimdən soruşdular ki, bu gənc aktyor işdən niyə çıxıb? Cavab verdi ki, burda nə var, işləmək istəmədi, ərizəsini yazdı, mən də qol çəkdim. Mənim bura gəlməyimin səbəbi odur ki, orada işləməsəm də, məsələlərə biganə qala bilmirəm, aktyor yoldaşlarım çox narahatdır. Bilirəm ki, "Azdrama"da baş verənlər barədə yazı çıxanda, hətta texniki heyət balaca paxlava alıb gizlincə də olsa, onu qeyd edirlər. Sevinirlər, amma qorxa-qorxa. Çünki gözlərinin odunu alıblar. O gün sosial şəbəkədə yazdım ki, "Azdrama" əhli, hardasınız, niyə yazılanlara hamınız münasibət bildirmirsiniz? Onda belə çıxır ki, sizin işləriniz əla gedir?

- Sizcə, İsrafil İsrafilov hansı addımlar atsa, rəhbərlikdə qalmağı məqsədəuyğun hesab edilə bilər?

- İndi hamı sentyabrı gözləyir. Bax, Gümrah Öməri hamımız tənqid edirik. Bəs bu adamı kim gətirib? İsrafil İsrafilov. Onlara səlahiyyət verilib, nə istəyirlərsə, edirlər. O gün oturub hesablayıram ki, İsrafilov direktor gələndən 20 nəfər işdən çıxıb, yaxud çıxarılıb. Yerinə də öz adamlarını təyin edib. Biz rol almaq üçün nələrdən keçmişik. O gün Elçin Əhmədov deyirdi ki, "Mesanat"da sözsüz rolum var idi. Bəli, o rolu mən də oynamışam. Rəhmətlik Kamal Xudaverdiyevin qabağına içki gətirmişəm. Hətta Bəhram Osmanov dedi ki, sən "Uçqun"da oynamısan, kütləvi səhnəyə çıxmaq istəyirsən? Dedim ki, bəli. Ondan sonra həmin tamaşada Kazım Abdullayevin oynadığı Fətulla bəyi oynadım. Yəni, baş rola pillə-pillə gəlirdim. İndi həmin "aktyorlar" naz edirlər, dövlət tədbirlərinə getmirlər. Biz bufetdə oturanda yaşlı aktyorlar içəri girəndə hamımız ayağa qalxırdıq. Mənim çiynimdə Telman Adıgözəlov, Yaşar Nuri, Səyavuş Aslan, Kamal Xudaverdiyev kimi aktyorlar gedib... İndi gənc aktyor Səyavuş Aslanın şəklinə baxıb deyir ki, bu, Yaşar Nuridi? "Azdrama"da ciddi deqradasiya gedir. Mən o adamları aktyor yox, "Azdrama"ya gələn turistlər hesab edirəm.

- İşdən çıxandan sonra teatra getmisiniz?

- Üç ildir ora ayaq basmıram. Amma məlumatlıyam ki, heç bir tamaşa uğurlu olmayıb.

- Aktyor yoldaşlarınızla görüşürsünüz?

- Mütəmadi görüşürük, ürəyim onlarladı və günümüz çayxanada keçir. Görün yazıqlar nə vəziyyətə düşüblər ki, teatrın bufetində oturub çay içə bilmirlər. Məcburən kənar çayxanada oturub dərdləşirik.

- Üç il teatrdan kənar qalmaq aktyorun "kökdən düşməsi" demək deyil?

- Mən evdə məşq edirəm, tələbələrim də var. Onların arasında Mədəniyyət və İncəsənət Universitetinə daxil olanlar da var, "Azdrama"da işləyənlər də. Mən indi acam, iş görmək, səhnədə partlayış etmək istəyirəm. Amma elə bir rejissor yoxdur. O nə rejissordur ki, məndən az bilir? Rejissorun nə dediyini mən dərk etməməliyəm. Elə bir rejissor görmədim ki, ondan qorxum, desin ki, dayan, axı mən dedim belə oyna. Nə oynayırsan, deyirlər ki, idealdır, sən əjdahasan da. Belə rejissorluq olmaz. Ona görə də indi küçədən keçən "Azdrama"dadır. Bildiyimə görə, bəziləri eyni zamanda digər teatrdan da maaş alırlar. Xeyir ola? Niyə "Azdrama"nın aktyoru qıraqda işləyən kimi onu vurursunuz? Məgər bura düşmən gəlmisiniz? 17 ildir bu sənətdəyəm, amma o teatrın adını çəkəndə məsuliyyət hiss edirəm.

- Çıxış yolunu nədə görürsünüz?

- Aktyorların əksəriyyəti istəyir ki, İsrafil İsrafilov direktorluqdan getsin.

- Onda belə çıxır ki, razı görünüb, narazı olanlar da çoxdur?

- Müəyyən qədər var.

- Aktrisalar narazılıqlarını bildirmirlər...

- Çox təəssüf ki, belədir. Mehriban Xanlarovanın müsahibəsini oxudum. Bu teatrın 90 faizi rəhbərlikdən narazıdır. Danışmayanlar da dinməyə qorxurlar, sanki nədənsə asılacaqları var.

- Teatrda işləmirsiniz, film, seriala da çəkilmirsiniz. Dolanışıq yeriniz...

- (sözümü kəsir) Bir "Opel"im var, bu maşına da minən yoxdur. Gərək gedib rəsmi şəkildə taksidə işləyim. Bəs onda teatrı necə çatdıracam? Çünki teatra qayıdacağam.

- Yəqin ki, müştərilər sizi tanıyırlar...

- Çox vaxt. Hətta bir qız maşının damına baxır ki, kamera yoxdur burda? Elə bilir ki, veriliş çəkirik. Bəzən də müştəri zəng vurur, gedirsən. Görürsən ki. dost-tanışını yığıb göstərir ki, bu aktyordu, tanıyırsınız? Çox pisimə gəlir... Taksidə işləməyə məcburam..

- Subaysınız...

- Necə evlənim?

- Kirayədəsiniz...

- Kirayədəyəm.

- Olurmu ki, tanıdıqlarına görə pulu ikiqat ödəsinlər?

- Həmişə ikiqat ödəyiblər. İnanın ki, yazıqları gəlir. Bunu heç kim etiraf edə bilməz, mən edirəm. Azərbaycanda ilk aktyoram ki, on ildir taksidə işləyirəm. İlk aktyoram ki, Qvazimodanı oynayıb, qrimimi silmədən müştəri zəng vurub ki, gəl. Müştərilər bilirdilər ki, 10-da tamaşam bitir. Kənardan elə bilirlər ki...İçim özümü yandırır, çölüm özgəni.

- Amma maşallah, tez-tez ölkədən kənarda istirahət fotolarınızı görürəm...

- Xaric deyəndə ki Gürcüstana gedirəm. Orada azərbaycan teatrının və Marcenaşvili adına Dövlət Dram Teatrınının tamaşalarına baxıram.

- Fərq var?

- Yerlə göy qədər fərq var. Mən orada qidalanıram. Burada qidalansaydım, gedib tamaşalara baxardım. On manat verirəm avtobusa, on manat da verib qayıdıram Bakıya. Burada nə var ki?

- Müştəriləri sizi ən çox hansı rolunuzla tanıyırlar?

- Deyirlər ki, aa Röya, Röya. Deyirəm adım İlyasdı. Axı onunla "İstanbul tətili" filminə çəkilmişik.

- Yeri gəlmişkən "İstanbul tətili" filmi 2007-ci ildə böyük səs-küyə səbəb olmuşdu. Hətta sevgi münasibətlərinizin olduğunu deyirdilər...

- İndiyə kimi o fikirlər məni qaralayıb.

- Doğrudanmı o fikirlərin olmasına səbəb var idi?

- Başa düşürəm, ətrafımı qazırsan ki, məni tələyə salasan (gülür). Bu günə qədər məndən heç kim soruşmayıb ki, çəkilişlər necə gedib? Bunları ancaq bir sual maraqlandırıb. Mən də cavab verirəm ki, yox. Deyir, yaxşı Sən Allah, yox. Sən olasan, yox? Deyirəm ki, yaxşı, sən deyəndi. Bəs mən buna nə cavab verim?

- Mətbuat üçün soruşuram..

- Mən ümumiyyətlə, bu mövzuya qayıtmaq istəmirəm.

- Amma güldünüz...

- Bəli, güldüm.

- Yanılmıramsa 2007-ci ildə Röya da subay idi...

- Bəli, subay idi. İstanbulda bir ay xoş anlar keçmişdi. Filmi Ülviyyə Könül çəkirdi. Nədənsə orada darıxırdım. Düşünürəm ki, bu hadisələrdən sonra darıxmaram. Bir etiraf edim, ərizəmi yazıb çıxandan sonra bir ay evdən bayıra çıxmadım. Telefonla yatıb dururdum, düşünürdüm aktyorlardan kimsə zəng vuracaq və deyəcək ki, qələt edib çıxmısan. Gəl, qalx direktorun yanına. Amma bir insan zəng vurub demədi ki, işdən niyə çıxmısan? Bax bu adamı kədərləndirir. Sonra düşünürəm ki, xalq artisti, əməkdar artist ölür və bir neçə gündən sonra yaddan çıxır. Bu, çox pisdir. Hamımız bu həyatda kirayənişinik.

- Geyim-keciminizə kim baxır?

- Əynimdəki köynək qırışdı, ütülməyə çatdırmadım.

- İdmanla da məşğulsunuz...

- Bəli, stressimi onunla atıram. Amma uşaq vaxtı çox zəif olmuşam-48 kiloqram

- Belə həyat sıxıcı deyil?

- (düşünür) Yanımda bir insanı görmək belə ağlıma gəlmir. Heç fikirləşməmişəm. Amma bilirəm ki, o insan əsəblərimlə oynaya bilər.

- Kirayəyə nə qədər ödəyirsiniz?

- (tərəddüd edir) Məbləği demək istəmirəm. Yaşadığım yerdə elə bilirlər ki, öz evimdir. Heç vaxt etirafdan utanmamışam. Günahım olsa, üzr istəyə də bilərəm. Ssenari oxumaq üçün darıxmışam. Gecə 2-də aktyorun şəhərdə nə azarı qalıb? Fırlanıram ki bəlkə müştəri düşdü? Səhər saat 6-da digər aktyorlar yuxudan oyananda mən şəhərdən evə qayıdırdım ki, "Azdrama"ya məşqə gedim. İndi kitab oxuyuram. Bezmişəm kitab oxumaqdan. Səhnə danışığında bir müəllimimiz var idi-Ənvər Vəliyev. İndi də onun konspektləri ilə məşq edirəm. Deyirdi ki, balam, düşmüşəm əlinizə, sağın məni. O, ayrı adam idi.

(ölkə.az)

Bütün xəbərlər Facebook səhifəmizdə