Milli Kino Günü qeyd edildi FOTOLAR

Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə təntənəli mərasim keçirilib. SİA-nın məlumatına görə, mərasimdə kino ilə bağlı keçirilmiş, tədbirlər, təqdimatlar, festivallar, yubileylər, çəkiliş proseslərindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbir çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kino işçilərini peşə bayramı münasibətilə təbrik edərək bütün sahələrdə olduğu kimi mədəniyyət, o cümlədən kino sahəsində əldə edilmiş nailiyyətlərdən söhbət açıb. Bildirib ki, Dövlət Film Fondu, Nizami Kino Mərkəzi yenidən qurulub, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına yeni rəhbər təyin olunduqdan sonra bütövlükdə kino sənayesi yenidən qurulmağa başladı.

Ədalət Vəliyev "Bakı-2015" birinci Avropa Oyunları zamanı Nizami Kino Mərkəzində gün ərzində ölkəmizə təşrif buyurmuş həm idmançılar, həm də turistlər üçün bir neçə dildə retro filmlərimizdən tutmuş müasir ekran əsərlərimizə qədər nümayiş olunduğunu diqqətə çatdırıb.

Mərasimdə bir qrup kino işçisinə Mədəniyyət və Turizm Nazirliyinin fəxri döş nişanı təqdim edilib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir qrup kino işçisi və veterana pul mükafatı verilib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək rəhbərlik etdiyi qurum tərəfindən görkəmli kino xadimlərinin ilboyu yubileylərinin qeyd olunduğunu, həmçinin veteran sənətkarlara mükafatların verildiyini söyləyib.

Mərasimdə beş qısametrajlı filmdən ibarət "4.1 Şəhər Motivləri" kinoalmanaxının təqdimatı olub.

Təqdimatdan əvvəl kinoalmanaxın prodüserlərindən biri İradə Bağırzadə çıxış edərək layihə barədə məlumat verib. Bildirib ki, kinoalmanaxa daxil olan filmləri xaricdə təhsil alan beş gənc azərbaycanlı rejissorun lentə alıb. Bu onların debüt filmləridir. Prodüser filmlərin çəkilişində əməyi olan hər kəsə təşəkkürünü bildirib. ardınca yaradıcı heyət səhnəyə dəvət olunub.

Daha sonra kinoalmanaxa daxil olan filmlər nümayiş edilib.

Bunlar Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olan kinolayihəyə rejissor Anar Abbasovun "Qonşu qadın", Rüfət Həsənovun "Kədərim", Timur İsmailovun "Yuxarıda və aşağıda", Cəfər Axundzadənin "Dmitrov küçəsi 86" və Vüqar İslamzadənin "Zabit şərəfi" filmləridir.

Yeni kinoalmanaxın quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir.

Bütün xəbərlər Facebook səhifəmizdə