Qədim Musiqi Alətləri Ansamblı festivalda iştirak edəcək

Qədim Musiqi Alətləri Ansamblı festivalda iştirak edəcək
21 avqust - 18 oktyabr tarixlərində Koreyanın Gyeongju şəhərində "Gyeongju İpək Tolu" adlı festivalın keçirilməsi nəzərdə tutulub. SİA-nın məlumatına görə, festival zamanı 25-30 avqust tarixlərində Azərbaycan günü elan ediləcəkdir. Bununla bağlı bir həftə ərzində Azərbaycan Dövlət Rəqs Ansamblın, Qədim Musiqi Alətləri Ansamblının, bir pianoçunun, iki nəfər opera müğənnisinin və Qəbələ şəhərinin iki nəfər saz ifaçısının mədəniyyət proqramı ilə çıxışları gözlənilir. Bununla əlaqədar olaraq, Azərbaycan və Koreya ölkələri arasında mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi və milli musiqi mədəniyyətimizin ölkəmizin hüdudlarından kənarda təbliği məqsədilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblının 13 nəfərdən ibarət üzvü 18-27 avqust 2015-ci il tarixində 10 gün müddətinə Koreyanın Gyeongju şəhərinə səfər edəcək.

Qeyd edək ki, festivalda Gyeongju şəhəri ilə Qəbələ şəhəri arasında qardaşlıq memorandumunun da imzalanması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə