ADMİU-nun təmsilçiləri ümumdünya konfransında FOTOLAR

ADMİU-nun təmsilçiləri ümumdünya konfransında FOTOLAR

Azərbaycan alimləri və musiqiçiləri Ənənəvi Musiqi üzrə Beynəlxalq şuranın 43-cü Ümumdünya konfransında uğurla çıxış ediblər. ADMİU-dən SİA-ya verilən məlumata görə, bu il ilk dəfə olaraq ümumdünya konfransı MDB ölkələrindən birində, Qazaxıstanın paytaxtı Astanada keçirilib. Astanada yerləşən Qazaxıstan Milli İncəsənət Universiteti qapılarını yüzlərlə qonağın üzün açıb. Konfransa dünyanın 70 ölkəsindən 800-dən artıq ekspert, alim, tədqiqatçı, musiqiçi, qatılıb.

Gün ərzində paralel olaraq müxtəlif seksiyalarda 30-dan artıq sessiya keçirilib. Hər sessiyada 3-4 tədqiqatçı təqdimatla çıxış edib, filmlər göstərilib, seminar, ustad dərsləri, "dəyirmi masa"lar təşkil olunub.

Konfransında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin Qaralovanın "Azərbaycan və İran muğam dəstgahlarının müqayisəli təhlili" mövzusunda məruzəsi tədqiqatçılar tərəfindən yüksək qiymətləndirilib.

Konfrans çərçivəsində keçirilən konsertlərdə Azərbaycan Dövlət İncəsənət Universitetin magistr tələbələri Ədalət Behbudov (tar), Pərviz Fərhadov (kamança) və gənc xanəndə Aytən Məhərrəmovadan ibarət "Aypara" qrupunun ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Musiqiçilərimiz iştirakçıların istəyi ilə bir daha konfransın bağlanışına həsr olunan qala-konsert proqramında çıxış ediblər. Onların ifasında səslənən muğam parçaları, təsniflər ümumdünya konfransına xüsusi rəng qataraq, dinləyicilərə xoş anlar bəxş edib.

Konfransda uğurlu çıxışlarına görə musiqiçilərimizə diplomlar təqdim olunub.

Qeyd edək ki, Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (İCTM ) YUNESCO ilə rəsmi konsultativ əlaqəsi var. Bu şura müxtəlif mədəniyyətlərə malik xalqları birləşdirir, onlar arasında əlaqələr yaradır.

Beynəlxalq Şuranın ümumdünya konfransı 1948-ci ildən bu günə kimi iki ildən bir keçirilir. Şura hər il ənənəvi musiqi ilə bağlı jurnal dərc edir, müxtəlif konkret mövzulara həsr olunan tədbirlər, seminarlar, "dəyirmi masa"lar təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə