“Ötən illərin harayı”

Azərbaycanda Atatürk Mərkəzində yazıçı, jurnalist Şərif Kərimlinin "Ötən illərin harayı" üçcildliyinin iki cildinin təqdimatı olub. SİA-nın məlumatına görə, tədbirdə Təfəkkür Universitetinin professoru Cümşüd Nuriyev milli mətbuatımızın 140 illik yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlərin keçirildiyini söyləyib, Azərbaycan mediasının inkişafından danışıb. Bildirib ki, Azərbaycan jurnalistikasında özünəməxsus yeri olan publisist Şərif Kərimlinin bu kitabları mətbuatın yubileyinə töhfədir. Vurğulanıb ki, onun 40 illik jurnalistlik fəaliyyətinin nəticəsi kimi çapdan çıxan bu kitablara müəllifin əsasən "Azərbaycan", "Sabah", "Gənclik", "Müxbir" jurnallarında, eləcə də "Respublika", "Azərnyus", "Şərq", "7 gün", "Odlar Yurdu", "525-ci qəzet", "Gün", "Azərbaycan müəllimi", "Ədəbiyyat və incəsənət" və digər qəzetlərdə dərc olunmuş publisistik yazıları daxil edilib.

Digər çıxış edənlər də müəllifi təbrik edib, uğurlar arzulayıblar.

Qeyd edək ki, kitaba "Ön söz"ü Milli Məclisin deputatları - xalq şairi Sabir Rüstəmxanlı və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov yazıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə