İyulun 20-də Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" pyesinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa ilə özünün 124-cü mövsümünə yekun vurub. SİA-nın Cənub bürosunun məlumatına görə, tamaşadan öncə teatrın direktoru Tofiq Heydərov, respublikanın xalq artisti Böyükxanım Əliyeva, əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev kollektivin cari mövsümdə qazandığı uğurlar və növbəti mövsümdə qarşısında duran vəzifələrdən söz açıblar. Daha sonra "Cəhənnəm sakinləri" tamaşası Milli Ordunun zabit və əsgərlərinə təqdim olunub.
Tamaşada ötən əsrdə Azərbaycan tarixinin qara səhifəsinə yazılmış 1937-ci il Stalin rejiminin dəhşətli və qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs olunur.
Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Sadıqovdur. Əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Adil Zeynalov, artistlərdən Əbülfəz Axundov, Qızılgül Quliyeva, Aynur Əhmədova və Tərlan Abdullayev ifa ediblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB