Beynəlxalq şirniyyat festivalı başa çatıb FOTOLAR

Beynəlxalq şirniyyat festivalı başa çatıb FOTOLAR

Şəki şəhərindəki Olimpiya İdman Kompleksində ikinci beynəlxalq şirniyyat festivalı keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən festivalda 11 ölkədən – Türkiyə, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Rumıniya, İndoneziya, Koreya, Fransa, Rusiya, Moldova və Serbiyadan, həmçinin respublikamızın 21 şəhər və rayonundan gəlmiş şirniyyatçılar iştirak edib.

Festivalın rəsmi açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək beynəlxalq şirniyyat festivalının Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şəkidə keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayıb. Bildirilib ki, böyük inkişaf yolu keçən Şəki xalqımızın mətbəx mədəniyyətinin formalaşmasına həlledici təsir göstərib. Şəkinin məşhur şirniyyatçılarının əldə etdiyi zəngin təcrübə, vərdiş, bilik və bacarıqlar bu günümüzə qədər gəlib çatıb. Qeyd olunub ki, Azərbaycanın ənənəvi şirniyyat sənətinin mərkəzləri arasında Şəki xüsusi yer tutur. Şəki şirniyyatı özünün əla, ləziz dadı və geniş çeşidi ilə fərqlənir.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Vurğulanıb ki, bu festival təkcə Şəkinin deyil, ölkəmizin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayacaq.

Sonra tədbir iştirakçıları xarici ölkələrdən, həmçinin Azərbaycanın şəhər və rayonlarından gəlmiş qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış olublar. İştirakçı ölkələrin milli mətbəxlərinə aid şirniyyat nümunələri, həmçinin Azərbaycan qənnadıçılarının hazırladıqları paxlava, fəsəlli, qatlama, noğul və müxtəlif halvalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Şəki qənnadıçıları festivalda Şəki halvası, paxlava, qoz və fındıq mindalı, barama şirni, noğul, bamiyə, qırmabadam və geniş çeşiddə digər milli şirniyyat nümunələrini sərgiləyiblər.

Münsiflər heyətinin rəyinə əsasən, respublikamızın təmsilçiləri arasında Gəncə şəhərinin şirniyyatçıları birinci yeri tutublar. Şəki və Zaqatala qənnadıçıları ikinci, Ağdaş, Göyçay, Oğuz rayonları və Naftalan şəhərinin təmsilçiləri isə üçüncü yerə layiq görülüblər.

İştirakçı ölkələr arasında Rumıniya, Qazaxıstan və Fransa təmsilçiləri birinci yeri tutaraq festivalın qızıl medallarına və Azərbaycan Milli Kulinariya Mərkəzinin kubokuna sahib çıxıblar. İkinci yeri Serbiya və Rusiya təmsilçiləri, üçüncü yeri isə Moldova, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinin qənnadıçıları tutublar.

Bundan əlavə, Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Şəki şəhəri Azərbaycanın ənənəvi şirniyyat paytaxtı elan edilib və bununla bağlı diplom şəhər rəhbərliyinə təqdim olunub.

Festivalda Şəkinin musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə